Bank Of Baku

Ramin Musayev: “Sultani komandamıza qarşı qərəzli hakimlik etdiyi üçün ona vəd olunan mükafatı israrla tələb edib”

Ramin Musayev: “Sultani komandamıza qarşı qərəzli hakimlik etdiyi üçün ona vəd olunan mükafatı israrla tələb edib”
# 23 may 2007 13:00 (UTC +04:00)
Sultani də görüşdən sonra telefon söhbətində “yaxşı” hakimlik etdiyini bildirərək, “heç kəs bu “oyunu” çıxara bilməzdi, ona görə də mən mükafatımı gözləyirəm” deyib. Sultani həmin şəxsdən israrla mükafat tələb edib”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Bu gün R.Musayev keçirdiyi mətbuat konfransında jurnalistlərə İ.Sultani ilə adı çəkilməyən şəxs arasında telefonda səsi yazılmış diski təqdim edib. Diskdə yazılanlara görə, R.Musayevin dedikləri təsdiqini taparaq, İ.Sultaniyə 30 min dollar mükafat vəd verilib. “Neftçi”nin vitse-prezidenti artıq diski AFFA-ya təqdim etdiklərini bildirib: “Disk dünən saat 17:00 radələrində əlimizə düşüb. Həmin vaxt AFFA-da heç kimlə əlaqə saxlaya bilmədik. Buna baxmayaraq, diski bir neçə saat öncə federasiyaya təqdim etmişik. Onu da qeyd edim ki, diskin orijinal variantında bir futbolçudan da söhbət edir. Amma onun adını çəkmək istəmirəm”. R.Musayev vurğulayıb ki, disk əsasında araşdırma aparılmasa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq: “Biz İmanxan Sultanidən narazılığımızı hələ oyundan əvvəl bildirmişdik. AFFA prezidenti Ramiz Mirzəyevin qəbulunda olmuşdum. O, mənə oyunla bağlı üzə çıxacaq faktları araşdırmağa hazır olduğunu demişdi. Əgər AFFA araşdırma aparmasa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. UEFA-ya isə məktub yollamaq fikrimiz yoxdur. Çünki bu, daxili məsələdir”. “Neftçi” rəsmisi İ.Sultaninin cəzalandırılmasını tələb edib: “Qanun imkan verirsə, “Olimpik”lə görüş yenidən keçirilsin. Lakin biz bunu qarşıya tələb kimi qoymuruq. Sadəcə, qərəzli mövqe tutan Sultaninin cəzalandırılmasını istəyirik”. R.Musayev İ.Sultaninin “Neftçi”nin oyunlarında qərəzli idarəçiliyinə aid xeyli faktları olduğunu söyləyib: “Uzun müddətdir ki, Sultani “Neftçi”yə qarşı qərəzi ilə seçilir. O, apreldə ölkə kubokunun yarımfinalında komandamızın “MKT-Araz”la qarşılaşmasını qeyri-obyektiv idarə etmişdi. Bununla bağlı, AFFA-ya məktub yazaraq, Sultaninin bir daha bizim oyunlarımıza təyin olunmamasını xahiş etmişdik. Hakimlər Komitəsinin sədri Əli Hüseynov digər AFFA rəsmilərinin yanında mənə Sultaninin “Neftçi” matçlarına təyin olunmayacağına söz vermişdi. Məndə olan məlumata görə, Sultaninin “Olimpik”lə qarşılaşmasına təyinatı Əli Hüseynovun iştirakı olmadan təsdiqlənib”. Bundan başqa, İ.Sultani telefon danışığında mübahisəli künc zərbəsi məqamına da toxunub. O, “Olimpik”in hesabı bərabərləşdirdiyi epizodda künc zərbəsi verməyə tərəddüd edən zaman yan xətt hakimi İlham Əliyevə təzyiq göstərdiyini dilə gətirib. R.Musayev, həmçinin diski hansı yolla əldə etdiklərini bildirməyib: “Biz bu məsələdə maraqlı olduğumuzdan diski hansı yolla əldə etdiyimizi demirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR