Bank Of Baku

Vidadi Rzayev karyerasını başa vurub

Vidadi Rzayev karyerasını başa vurub
# 25 may 2007 08:59 (UTC +04:00)
“Olimpik” klubunun yarımmüdafiəçisi Vidadi Rzayev karyerasını başa vurub. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən 40 yaşlı futbolçu qərarının qəti olduğunu bildirib: “İndiyədək bir neçə dəfə karyeramı başa vurmaq istəyində olsam da, sonradan fikrimi dəyişmişəm. Hələ ötən il futbolla vidalaşmaq haqda düşünürdüm. Ancaq baş məşqçimiz Əsgər Abdullayev komandaya bir il də kömək etməyimi istədi. Mən də çoxdan tanıdığım bu şəxsin sözünü yerə salmadım. Bu dəfə qərarım qətidir və klub rəhbərliyinə fikrimi bildirmişəm. Qismət olarsa, vida oyunu keçirəcəyəm. Məşqçi işləməyimlə bağlı məsələyə yaxın günlərdə aydınlıq gələcək”.
V.Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda “Simurq” ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: “İlk dövrədə “Şəfa” stadionunda “Simurq”la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq”.
Qeyd edək ki, karyerasında son iki ili “Olimpik”də keçirən V.Rzayev “Turan”, “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ-Azərsun”, Rusiyada “Terek”, Türkiyədə “Ərzurumspor”, İranda “Miss-Kerman” klublarında çıxış edib. O, “Turan”, “Neftçi”, “Kəpəz” və “Şəmkir” klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR