Bank Of Baku

“Neftçi” AFFA-nın mətbuata dezinformasiya ötürməsi ilə bağlı bəyanat yayıb

“Neftçi” AFFA-nın mətbuata dezinformasiya ötürməsi ilə bağlı bəyanat yayıb
# 25 may 2007 13:38 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” klubu bəyanat yayıb. Klubun mətbuat xidmətindən “APA-Sport” agentliyinə daxil olan bəyanatda “Olimpik”lə oyunda qərəzli hakimliklə bağlı AFFA-ya edilən şikayətə barmaqarası baxıldığı və AFFA-nın düzgün informasiya yaymamağı vurğulanıb: “Komandamızın hüquqlarının qorunmasına dair məsələyə bu qədər barmaqarası baxmaq AFFA-nın nüfuzuna böyük zərbədir. Baş katib Fuad Əsədovun imzası ilə klubumuza göndərilən faksda qeyd edilib ki, guya narazı qaldığımız epizodlar Ekspert Komissiyasının üzvlərinin, federasiya və Hakimlər Komitəsi rəhbərliyinin, habelə, mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunmuş və dəfələrlə baxıldıqdan sonra mütəxəssislərin yekdil rəyi ilə baş hakim İmanxan Sultaninin oyununun yekun nəticəsinə təsir edən kobud səhvin olmamağı müəyyənləşdirilmişdir.
Ekspert komissiyasının sədri Siyavuş İbrahimov toplantıda iştirak etdiyi halda, yalandan bütün komissiya üzvlərinin iclasda olduğunu rəsmi məktubda yazmaq hörmətsizlikdir. Araşdırmamız nəticəsində məlum olub ki, həmin iclasda Siyavuş İbrahimovla yanaşı, Əli Hüseynov, Məlik Həsənov və Mikayıl Nərimanoğlu iştirak edib. Bunlardan yalnız Əli Hüseynovu hakimliklə bağlı mütəxəssisi saymaq olar ki, “Neftçi” elə ondan və onun təyin etdiyi hakimdən federasiyaya şikayət edib. Belə olan halda, AFFA-nın bu məsələyə hansısa obyektiv qərar verəcəyi gülüncdür”. “Neftçi” narazı salan digər məqam İ.Sultaninin cəzasız qalmasıdır: “İndiyədək Xaqani Məmmədovun, Anar Salmanovun, Zöhrab Qədiyevin, Elçin Məmmədovun ömürlük diskvalifikasiyasına nail olan Əli Hüseynov nəyə görə telefon danışığı qeydə alınan və hansısa “müəllim”dən pul alıb, mükafat gözlədiyini də etiraf edən İmanxan Sultanini bu qədər müdafiə edir? Biz tələb edirik ki, Fuad Əsədov başda olmaqla, futbolumuza zərbə vurmaq istəyən bu şəxslər Ramiz Mirzəyev Bakıda olmadığı halda, bu məsələyə baxıb, yalandan onun adından istifadə etməklə, hansı məqsəd güddüklərini ictimaiyyətə açıqlasınlar. Niyə görə, Kazbek Tuayev, Rüstəm Rəhimov, Nazim Süleymanov və Tahir Süleymanovun təqdim etdiyimiz epizodlara baxmasına mane olmağa çalışırlar? Ümid edirik ki, Ramiz Mirzəyevin nəzarəti altında olan bu komissiyanın həqiqi üzvlərinin iştirakı ilə epizodlara yenidən baxılaraq, “Olimpik” “Neftçi” oyunu haqda obyektiv qərar çıxarılacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR