Bank Of Baku

Şahin Diniyev: “Polşa ilə əvvəlki qarşılaşmalarda qeydə alınan böyük hesablı məğlubiyyət təkrarlanmayacaq”

Şahin Diniyev: “Polşa ilə əvvəlki qarşılaşmalarda qeydə alınan böyük hesablı məğlubiyyət təkrarlanmayacaq”
# 01 iyun 2007 17:32 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Onun sözlərinə görə, Alim Qurbanovun pleymeker mövqeyində oyunu alınmasa, Emin İmaməliyevlə yeri dəyişilə və ya onun əvəzinə meydançaya İlqar Qurbanov buraxıla bilər. Əsasən oyun qurucusu kimi çıxış edən Ceyhun Sultanovun zədəli olduğunu xatırladan baş məşqçi vəziyyətdən çıxış yolu kimi belə qərar qəbul etdiyini vurğulayıb: “Biz Polşa ilə sınaqdan kompakt, mobil və kollektiv oyun hesabına çıxa bilərik. Məhz mobil komandada Alimin yeri var”. Ön xətdə Branimir Subaşiçin arxasında uzun fasilədən sonra milliyə çağırılan Bakının “Olimpik” klubunun forvardı Xaqani Məmmədova şans verməsini isə Ş. Diniyev belə izah edib: “Bizə dağıdıcı tipli hücumçu ilə yanaşı, topu qəbul edib, onunla davranmağı bacaran forvard lazımdır. Bu səbəbdən Xaqaniyə şans verdik”. Gözlənilməz dəyişikliklərə rəğmən, baş məşqçi yığmamızın Polşa qarşısına eksperimental heyətlə çıxacağı fikri ilə razılaşmayıb. O bildirib ki, hər bir oyunda millimizin heyətində dörd-beş oyunçu dəyişikliyi edilib: “Bu, həm də milliyə namizədlərin yoxluğundan irəli gəlir”. Baş məşqçi daim pleymeker və hücumu tamamlaya biləcək oyunçu sarıdan problemlə üzləşdiklərini etiraf edib. Qapıda Fərhad Vəliyevə üstünlük verməsinin səbəbini isə baş məşqçi belə izah edib: “Fərhad Finlandiya ilə son oyunda yüksək səviyyədə çıxış etdi. O, həm də çıxışlarda inamlı təsir bağışlayır”. Ş. Diniyev sabahkı oyunda Polşa ilə əvvəlki qarşılaşmalarda qeydə alınan böyük hesablı məğlubiyyətlərin təkrarlanmayacağını da vurğulayıb. Onun sözlərinə görə, top buraxmamağı düşünərək, rəqibin səhvlərindən yararlanmağa çalışacaqlar.
Qeyd edək ki, sabah saat 21:00-da başlanacaq görüşdə yığmamızın start heyətində aşağıdakı futbolçular yer alacaq: Fərhad Vəliyev Samir Abbasov, Aslan Kərimov, Ramin Quliyev - Emin Quliyev, Aleksandr Çertoqanov, Emin İmaməliyev, Ramazan Abbasov, Alim Qurbanov Xaqani Məmmədov, Branimir Subaşiç. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR