Bank Of Baku

Arif Əsədov: “Qrup oyunlarını lazımi səviyyədə keçirə bilməməyimiz futbolçularımızın yorğunluğu ilə bağlı idi”

Arif Əsədov: “Qrup oyunlarını lazımi səviyyədə keçirə bilməməyimiz futbolçularımızın yorğunluğu ilə bağlı idi”
# 06 iyun 2007 10:20 (UTC +04:00)
“Yığma komandamız oyun üslubuna, nümayiş etdirdiyi oyuna görə qrupda ikinci yeri tutmağa layiq idi. Hətta İspaniya yığmasının çalışdırıcısı görüşdən sonra mənə yaxınlaşaraq, oyunumuzu bəyəndiyini qeyd etdi. Qrupumuzun aşkar favoriti bütün oyunlarda qələbə qazanaraq, final mərhələsinə vəsiqə qazanan İspaniya oldu. Qalan üç komandanın eyni xal toplaması güclərin bərabər olduğunu göstərir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Arif Əsədov söyləyib. O, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci qrup oyunlarında lazımincə çıxış etməməsini futbolçuların yorğunluğu ilə izah edib: “Gərgin mübarizə şəraitində keçən oyunlarda futbolçularımızın fiziki hazırlığı ilə bağlı problemlər öz sözünü deyirdi. Futbolçularda yorğunluq hiss olunurdu, ən əsası, bərpa prosesi baxımından problemlə üzləşirdik. Futbolçularımız oyunlar zamanı tempə, sürətə ayaqlaşmaq baxımından əziyyət çəkirdi. Statistika da qolları hər hissənin sonuna yaxın buraxdığımızı göstərirdi. İkinci hissənin əvvəlində isə qol vururduq ki, buna da fasilənin təsiri olurdu. “Turan”da daim əsas heyətdə çıxış edən Elvin Məmmədov ağır mövsümdən sonra tez yorulduğundan onu əvəzləməli olurdum. Öz klublarında daim oynayan digər yığma üzvlərindən “Olimpik”in şərəfini qoruyan Nizami Hacıyev meydanda çox çalışdı, “Xəzər-Lənkəran”da çıxış edən Rahid Əmirquliyevin isə son matçda oyunu yaxşı alındı”. A. Əsədov İslandiya ilə oyunda futbolçuların fiziki durumunda problemlərin yarandığını qeyd edib: “İslandiya ilə oyunda 7-8 futbolçumuzun ayağında qıcolma yarandığından onları əvəzləməli idim. Üç əvəzləmə etdim və nəticədə oyunda dönüş yarada bildik. 0:4 hesabı ilə geridə olduğumuz matçda iki qol vura bildik, daha bir neçə imkanımız oldu. İslandiya ilə oyunda Tagim Novruzovun cəza üzündən buraxması öz sözünü dedi. Həm mövsümün başa çatması, həm də İstanbulda keçirdiyimiz yoxlama matçını da nəzərə alsaq, bir həftəyə dörd oyun keçirməyimiz nəticəsində futbolçularımızın gücü tükənmişdi. Bu zaman bərpa prosesi üçün lazımi vasitələr olmalı idi. Bu planda rəqiblərimizdən geri qalırdıq”. Qeyd edək ki, Norveçdə keçirilən oyunlarda meydan sahiblərini 2:1 hesabı ilə yenən yığmamız sonrakı görüşlərində böyük hesabla məğlub olub. İspaniyaya 0:4, İslandiyaya 2:5 hesabı ilə uduzan A. Əsədovun komandası qrupda sonuncu yerlə kifayətlənib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR