Bank Of Baku

İsgəndər Cavadov: “Qazaxıstanı məğlub edə bilməyəndən sonra kimə qalib gələcəyik?”

İsgəndər Cavadov: “Qazaxıstanı məğlub edə bilməyəndən sonra kimə qalib gələcəyik?”
# 07 iyun 2007 13:04 (UTC +04:00)
“Milli komanda haqqında danışmaqdan yorulmuşam. 10 futbolçu ilə qalan Qazaxıstan yığmasını yenə bilməməyimiz millimizin yox dərəcəsində olduğunu göstərir. Qazaxıstanı məğlub edə bilməyəndən sonra kimə qalib gələcəyik?”. Bu fikirləri “APA-Srort” agentliyinə açıqlamasında Azərbaycanın futbol veteranı İsgəndər Cavadov bildirib. Onun sözlərinə görə, milli çempionatın səviyyəsinin aşağı olması yığmamızın çıxışına da təsirini göstərib. İ. Cavadov Şahin Diniyevi milliyə layiq məşqçi saymadığını vurğulayıb. O, qeyd edib ki, əsl həqiqəti gizlədən Ş. Diniyev və AFFA prezidenti Ramiz Mirzəyev istefa verməlidirlər: “Diniyev hər oyun ərəfəsində bir nağıl danışır. Nəticə əldə etməmiş pafoslu açıqlamalar verir. Yaxud bir oyun udan kimi, elə qışqırır ki, sanki dünya çempionu olmuşuq. Bundansa, Diniyev Azərbaycanda futbolun olmadığını etiraf etməli və istefa verməlidir. Ümumiyyətlə, Diniyevlə Mirzəyevi süpürüb çölə atmaq lazımdır”. İ. Cavadov Ş. Diniyevin yerinə layiqli namizədin olduğunu bildirsə də, onun adını çəkmək istəməyib. AFFA İcraiyyə Komitəsinin sabiq üzvünün fikrincə, millimiz son iki oyunda nümayiş etdirdiyi oyunla Ermənistanla qarşıdakı matçlarda qalib gələ bilməyəcək. Veteran futbolçu əsas millimizlə yanaşı, digər yığmalarımızın da zəif çıxış etməsinə səbəb kimi AFFA prezidenti Ramiz Mirzəyevin yürütdüyü uğursuz siyasəti göstərib. O, yaxın müddətdə veteranlar adından ölkə prezidenti İlham Əliyevə müraciət edəcəklərini vurğulayıb: “Biz Mirzəyevin düzgün yolda olmadığını ölkə prezidentinə çatdıracağıq. Qeyd edəcəyik ki, əlverişli imkanlar olmasına baxmayaraq, AFFA prezidenti şəxsi mənafeyini güdərək, futbolumuzun inkişafının qarşısını alır. Halbuki arxada qalan dörd ildə çox iş görmək olardı”. /APA-Srort/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR