Bank Of Baku

Azərbaycan milli komandasının futbolçusunun Bakıya qayıtmasına icazə verilməyib

Azərbaycan milli komandasının futbolçusunun Bakıya qayıtmasına icazə verilməyib
# 09 iyun 2007 10:42 (UTC +04:00)
Rusiyanın OİK klubunda çıxış edən Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Anna Ələkbərovanın Bakıya qayıtmasına icazə verilməyib. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. Onun sözlərinə görə, A. Ələkbərova klub prezidenti ilə görüşündə Azərbaycana qayıtmağa icazə ala bilməyib: “Dünən Anna ilə telefon söhbətimiz oldu. O, mənimlə ağlaya-ağlaya danışırdı. Görünür, vəziyyət ürəkaçan deyil. Çünki Anna OİK klubunun prezidenti ilə görüşərkən Azərbaycana gəlmək üçün icazə ala bilməyib”. T. Abdullayev bildirib ki, 19 yaşlı futbolçu OİK-lə müqaviləni birtərəfli qaydada pozmağa çalışır. Ancaq rusiyalılar A. Ələkbərovanın aparıcı oyunçulardan biri olduğunu nəzərə alaraq, onu buraxmaq istəmirlər. Yığmanın rəisi vurğulayıb ki, A. Ələkbərova OİK-lə razılaşmanı birtərəfli qaydada pozacağı təqdirdə, beynəlxalq futbol qurumları tərəfindən cəzalandırılacaq: “Annanın OİK-lə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq. Əgər futbolçu anlaşmanı vaxtından əvvəl pozarsa, klub Rusiya Futbol İttifaqına, eləcə də UEFA-ya müraciət edəcək. Klub prezidenti ilə görüşündə Annaya deyiblər ki, bizi yarı yolda buraxıb getsən, sənə pislik edəcəyik”. T. Abdullayev, həmçinin, qeyd edib ki, OİK-də A. Ələkbərova üçün bütün şərait yaradılsa da, komanda daxili ab-hava futbolçunu sıxır: “Anna komandadakı atmosferdən sıxılır. Bununla belə, o, müqaviləsinin sonunadək necə olursa-olsun dözməlidir. Hər halda, klub rəhbərliyi onu Azərbaycan milli komandasının rəsmi oyunlarına buraxacağına söz verib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR