Bank Of Baku

Lionel Messi əllə vurduğu qolun heç bir əhəmiyyət daşımadığını bildirib

Lionel Messi əllə vurduğu qolun heç bir əhəmiyyət daşımadığını bildirib
# 11 iyun 2007 12:17 (UTC +04:00)
İspaniyanın “Barselona” klubunun argentinalı yarımmüdafiəçisi Lionel Messi əfsanəvi həmyerlisi Dieqo Maradonanın onu əbəs yerə özünün davamçısı adlandırmadığını növbəti dəfə sübuta yetirib. “APA-Sport” agentliyinin məlumatına görə, İspaniya çempionatının 37-ci turunda L.Messi “Espanyol” komandası ilə görüşdə topu əli ilə qapıdan keçirərək Maradonanın hərəkətini təkrarlayıb. Onun hərəkəti hakimlərin gözündən yayınıb və qapıdan keçən top qol kimi qeydə alınıb. Sonradan gənc futbolçu ikinci dəfə fərqlənsə də, 90-cı dəqiqədə “Espanyol”un forvardı Raul Tamudo “Barsa”nı qələbədən məhrum edən qola imza atıb. Paralel keçirilən oyunda isə 1:2 hesabı ilə geridə olan “Real”ın forvardı Ruud van Nistelroy 89-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bununla da, çempionluğun taleyi iyunun 17-də keçiriləcək son tura qalıb. Həmin gün “Real” öz meydanında “Malyorka”nı qəbul edəcək, “Barselona” isə səfərdə “Ximnastik”lə qarşılaşacaq. Hazırda “Real” və “Barselona”nın 73 xalı olsa da, komandaların öz arasında keçirilmiş oyunların nəticələrinə və qazanılan qələbələrin sayına görə madridlilər irəlidədir. Görünür, məhz komandasının vacib iki xal itirməsinə görə L.Messi əllə vurduğu qolu əhəmiyyətsiz adlandırıb: “Mənim qolum? Əllə? Bu, heç bir əhəmiyyət daşımır”.
Qeyd edək ki, D. Maradona da 1986-cı il dünya çempionatının yarımfinal matçında Argentina yığmasının heyətində İngiltərənin qapısına əllə qol vurub. Həmin oyun Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Onu da əlavə edək ki, L. Messi İspaniya Kubokunun yarımfinal oyununda da əfsanəvi Dieqonun məşhur driblinqini təkrarlamışdı. “Xetafe” ilə oyunda topu mərkəzdə ələ keçirən Messi rəqibin 5 oyunçusunu aldadaraq topu qapıdan keçirmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR