Bank Of Baku

“Karvan”ın baş direktoru AFFA-nın əcnəbi futbolçuların sifarişi ilə bağlı üzvlük haqlarının qaldırılması barədə qərarından narazıdır

“Karvan”ın baş direktoru AFFA-nın əcnəbi futbolçuların sifarişi ilə bağlı üzvlük haqlarının qaldırılması barədə qərarından narazıdır
# 11 iyun 2007 16:06 (UTC +04:00)
“AFFA-nın son konfransında əcnəbi futbolçuların sifarişi ilə bağlı üzvlük haqlarının qaldırılması barədə qərarını düzgün saymıram. Pulumuz var, həmin məbləği də ödəyəcəyik. Ancaq maliyyə vəziyyəti aşağı olan klubları da nəzərə almaq lazım idi. Qiymətlərin belə artımı həmin klublara böyük zərbədir. Maliyyə vəziyyəti yaxşı olan beş-altı klubdan başqa, qalanları belə yüksək məbləğləri ödəməkdə çətinlik çəkəcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Karvan” klubunun baş direktoru İslam Aslanov deyib. İ. Aslanov AFFA-nın ötən il qəbul edilən qərarından da narazı qaldıqlarını vurğulayıb: ““Karvan”ın ötən mövsüm uğursuz çıxış etməsinin əsas səbəbi legionerlərə qoyulan limitin endirilməsi oldu. “Karvan” ötən yay Avropada uğurlu çıxış edərək, klublarımızdan ilk olaraq UEFA kubokunda mərhələ adladı, bununla da, Azərbaycan futbolunu Avropada yaxşı mənada tanıtdıq. Buna görə kimlərdənsə minnətdarlıq gözləmirdik, sadəcə, legionerlərə qoyulan limitlə bağlı belə gözlənilməz qərarın çıxarılması bizi incik saldı, əlimiz işdən soyudu”. İ. Aslanov “Karvan”ın maliyyə sarıdan heç bir probleminin olmadığını qeyd edib. Baş direktor klubun açıqlamaq istəmədiyi büdcəsinin artmayacağını söyləyib: “Büdcəmiz necə var, elə də qalacaq. İlk iki mövsümü mükafatçılar sırasında bitirsək də, ötən çempionatda buna nail ola bilmədik. Ancaq buna görə ruhdan düşmürük. İddiamızda qalırıq, maddi vəziyyətimiz də yaxşıdır. Büdcəmiz Rusiya, Ukrayna, Türkmənistan, Qazaxıstan, Türkiyədə olan azərbaycanlı iş adamlarının hesabına formalaşır. Həmçinin, klubumuzun saxlanmasında reklamdan əldə etdiyimiz gəlirlərin də müəyyən rolu var. Azərbaycan daxilində də bəzi şirkətlər bizə kömək edir. 3 il əvvəl “Karvan”ın sahibi və prezidenti Cavanşir Şirəliyev klubun İdarə Heyətinin sədri Şahmar Vəliyevlə birgə komandanın yaradılması təşəbbüsü ilə çıxış edib. “Karvan”ın adının “Gilan”, “MKT-Araz” klubları ilə bir çəkilərək, eyni mənbədən maliyyələşməsi barədə deyilənlər əsassızdır”. İ. Aslanov Ş. Vəliyevlə münasibətlərinin pisləşməsi ilə bağlı yayılan informasiyaların da həqiqətə uyğun olmadığını deyib: “Şahmar Vəliyevlə qohumluq əlaqəmiz var və aramızda hər hansı problemin olmasından söhbət gedə bilməz. Şahmar Vəliyevlə münasibətlərimiz yüksək səviyyədədir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR