Bank Of Baku

Ramiz Mirzəyev: “İsgəndər Cavadovun cəzalandırılmasından xəbərim yoxdur”

Ramiz Mirzəyev: “İsgəndər Cavadovun cəzalandırılmasından xəbərim yoxdur”
# 12 iyun 2007 15:36 (UTC +04:00)
“İsgəndər Cavadovun cəzalandırılmasından xəbərim yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev deyib. R. Mirzəyev AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK), eləcə də digər komitə və departamentlərin qərarları ilə mətbuat vasitəsilə tanış olduğunu bildirib: “NİK müstəqil fəaliyyət göstərir. Ümumiyyətlə, mən komitə və departamentlərin çıxardığı qərarlarla mətbuat vasitəsilə tanış oluram”. Federasiya prezidenti futbol veteranı İsgəndər Cavadovun AFFA-nın üzvü olan qurumlarda çalışmaqdan ikiillik məhrum edilməsi barədə geniş danışmaq istəməsə də, hər kəsin əməlinə görə məsuliyyət daşıdığını söyləyib: “Kimin hansı xidmətlər göstərməsi, hansı işlər görməsi başqa məsələdir. Bu, onu heç məsuliyyətdən azad etmir”.
Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev də “APA-Sport” agentliyinə verdiyi açıqlamada NİK-in qərarından xəbərsiz olduğunu deyib: “İsgəndər Cavadovun mənim ünvanıma alçaldıcı ifadələr işlətməsindən xəbərim yoxdur. Mən belə məsələlərlə maraqlanmıram. Hərənin öz səviyyəsi var. Mən yığma komandanın çıxışına cavabdehlik daşıyıram.”
AFFA NİK-in sədri Tofiq Fətullayev isə “APA-Sport” agentliyinə açıqlamasında rəhbərlik etdiyi komitəyə R.Mirzəyev və Ş.Diniyevdən şikayət daxil olmadığını bildirib: “İsgəndər Cavadovun mətbuatda Ramiz Mirzəyev və Şahin Diniyevin şərəf və ləyaqətini alçaldan açıqlamalarını gördük, AFFA-nın işçiləri kimi, Nizam-İntizam Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq onu cəzalandırdıq. Yəni, nə Ramiz Mirzəyev, nə də Şahin Diniyev komitəyə şikayət edib”. T. Fətullayev “Bəlkə İsgəndər Cavadovun sözləri Ramiz Mirzəyevlə Şahin Diniyevə xoşdur və onlar bu sözləri təhqiramiz ifadələr kimi qəbul etmirlər” sualına cavab verməyə çətinlik çəkib: “Hər halda, biz qərarımızı vermişik. Bu qərarı dəyişmək fikrimiz isə yoxdur”.
Qeyd edək ki, NİK İ.Cavadovun “APA-Sport” agentliyinə açıqlamasında R.Mirzəyevlə Ş.Diniyevin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək, onun iki il ərzində AFFA-nın üzvü olan qurumlarda çalışmasına qadağa qoyub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR