Bank Of Baku

Fuad Musayev: “Fuad Əsədovun baş katiblikdən səhhəti ilə əlaqədar istefa verdiyinə inanmıram”

Fuad Musayev: “Fuad Əsədovun baş katiblikdən səhhəti ilə əlaqədar istefa verdiyinə inanmıram”
# 13 iyun 2007 15:16 (UTC +04:00)
“Fuad Əsədovun AFFA-nın baş katibi vəzifəsindən səhhəti ilə əlaqədar istefa verdiyinə inanmıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib. F. Musayevin sözlərinə görə, Fuad Əsədov təzyiqlərlə üzləşdiyi üçün istefa verib: “Əsədovu boğaza yığıblar, o da məcburiyyət qarşısında istefa verib. Ola bilsin, rəhbərliklə aralarında hansısa narazılıqlar varmış”.
Qeyd edək ki, F.Əsədov F. Musayevin rəhbərliyi altında 2000-2003-cü illərdə AFFA-da vitse-prezident postunu tutub. Həmin vaxt AFFA-da digər vitse-prezidenti kimi çalışan Toğrul Hacıyev isə F. Əsədovun səhhətindəki problemləri bəhanə göstərdiyi qənaətindədir: “Əsədovda bizimlə birgə işləyəndə də şəkər xəstəliyi vardı. Xəstəliyi bəhanə edərək, istefa vermək vəzifəli şəxslər arasında geniş yayılmış xüsusiyyətdir”. T. Hacıyevin sözlərinə görə, F. Əsədov istefa verməklə, federasiyada baş verən maliyyə pozuntularının və sentyabrda millimizin Ermənistan yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyunlarında üzləşə biləcəyi hər hansı uğursuzluğun məsuliyyətindən yayınmaq məqsədi güdüb: “Mən istəməzdim ki, Əsədov istefa versin. Çünki AFFA-nın vitse-prezidenti Rauf Əliyevin dediyi kimi, federasiyada böyük miqdarda vəsait israf olunub. Həmin vəsaitin israf olunmasında Əsədovun da böyük rolu var. O, Ermənistanla oyun qabağı aradan çıxmaq qərarına gəlib”. F.Əsədovun sələfi, vaxtilə onunla AFFA-da bir yerdə işləmiş Çingiz İsmayılov da keçmiş həmkarının səhhətindəki problemlərin istefa verməsi üçün tutarlı səbəb olmadığını vurğulayıb: “Əsədovun səhhətində, həqiqətən də, problemlər var. Amma onun səhhəti AFFA-ya gəldiyi vaxtla müqayisədə, indi daha yaxşıdır. Fikrimcə, Əsədovun istefasında müəmma var”. Ç. İsmayılov F. Əsədovu hazırkı federasiya rəhbərliyində təmsil olunanlar arasında futboldan anlayışı olan yeganə şəxs kimi dəyərləndirib. Onun sözlərinə görə, bugünkü istefa təzyiqlər nəticəsində reallaşıb: “Yəqin, Əsədova deyiblər ki, ərizəsini yazın getsin. O da yaxın 5-10 il ərzində futbolu inkişaf etdirməyin mümkün olmadığını anladığndan bu addımı atıb. Çünki hazırda AFFA federasiyanı yox, hansısa kontoru xatırladır. Bu gün verdikləri qərarı sabah dəyişdirirlər. Orada kim yuxudan tez durdu, o da prezidentdir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR