Bank Of Baku

Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədovla AFFA-nın məhkəməsi iyulun 26-na təyin olunub

Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədovla AFFA-nın məhkəməsi iyulun 26-na təyin olunub
# 18 iyun 2007 11:13 (UTC +04:00)
Bu gün Xətai rayon Məhkəməsində Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədovun AFFA-ya qarşı qaldırdığı iddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Z. Məmmədovun sözlərinə görə, qeyri-müəyyən səbəblər üzündən hazırlıq iclasında AFFA tərəfi təmsil olunmayıb. Z. Məmmədov buna baxmayaraq, məhkəmə baxışının iyulun 26-na təyin edildiyini bildirib. Vitse-prezident iddiasında AFFA-nın aprelin 26-da keçirilən XI konfransında qəbul olunan qərarın 7-ci (klublarda Azərbaycan vətəndaşı olan əcnəbi futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 9-cu (Azərbaycan yığmasında milliləşmiş futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 10-cu (legionerlərin sifariş məbləği 20 min, yerli futbolçuların isə 5 min manat olsun) və 11-ci (yerli məşqçilərin sifariş məbləği 10 min, əcnəbi mütəxəssislərin isə 50 min manat olsun) bəndlərinin ləğvini tələb edir. Z. Məmmədov AFFA rəhbərliyinin ötən həftə futbolçu və məşqçilərin sifariş qiymətlərinin endirməsinin tələbinə təsir göstərmədiyini söyləyib: “Sifariş məbləğlərinin aşağı salınması bir o qədər əhəmiyyət kəsb etmir. Mən Azərbaycan vətəndaşı ilə əcnəbilər arasındakı fərqin aradan götürülməsini tələb edirəm”. Onun bildirdiyinə görə, AFFA-nın sabiq baş katibi Fuad Əsədovu da məhkəməyə vermək niyyətində olsa da, sonradan fikrindən daşınıb: “Fuad Əsədov mətbuatda çıxış edərək, məni tanımadığını bildirmişdi. Mən də onu işgüzar fəaliyyətimə xələl gətirdiyinə görə məhkəməyə vermək istəyirdim. Məhkəmə yolu ilə Fuad Əsədovdan 10 qəpik təzminat alaraq, bu məbləği AFFA-nın büdcəsinə köçürmək istəyirdim. Ancaq Fuad Əsədovun yaşını nəzərə alıb, onu məhkəməyə vermədim”.
Qeyd edək ki, F.Əsədov ötən ay, hələ baş katib olarkən “APA-Sport” agentliyinə açıqlamasında “Zakir Məmmədovla AFFA arasında heç bir bağlılıq yoxdur. Onun AFFA-nı məhkəməyə verməsi anlaşılmazdır” ifadəsini işlətmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR