Bank Of Baku

Xəzər İsayevlə Telman Abdullayev qadın futbolçuların çempionatında baş verən insidentə görə bir-birini günahlandırırlar

Xəzər İsayevlə Telman Abdullayev qadın futbolçuların çempionatında baş verən insidentə görə bir-birini günahlandırırlar
# 21 iyun 2007 14:01 (UTC +04:00)
“Futbol üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatında ədalətli oyun qaydaları pozulub”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib. Onun sözlərinə görə, ölkə çempionatının son turundakı oyunlarda baş verən qalmaqallarla bağlı müraciət olunacağı şalda, araşdırma aparacaqlar: “Bu məsələyə, ilk növbədə, AFFA-nın Nizam-İntizam Komitəsində baxılmalıdır. Əgər bizə də müraciət olunarsa, ədalətli oyun qaydalarının pozulma hallarını araşdıra bilərik”. Eyni zamanda, ikiqat ölkə çempionu və cari çempionata qatılmayan “Gömrükçü” klubunun prezidenti olan X.İsayevin fikrincə, qalmaqalın kökündə bütün yaş kateqoriyaları üzrə yığma komandalara rəhbərlik edən Telman Abdullayevin eyni zamanda “Ruslan-93” klubunun prezidenti olması durur: “Abdullayevin mütəxəssis kimi idmanla heç bir bağlılığı olmasa da, çempion olmaqdan ötrü “Ruslan-93”-ə müxtəlif vasitələrlə köməklik etdiyini eşitmişəm. Hələ son turun oyunundan öncə bu komandanın çempion olacağı barədə söz-söhbət gəzirdi. Görünür, qalmaqal da buradan yaranıb”. “Ruslan-93” - “Səbuhi” matçındakı insidentə görə oyunun baş hakimi Babək Quliyevi günahlandıran MOK rəsmisinin “Vətən” komandasının “Neftçi” ilə oyunun ikinci hissəsinə çıxmaqdan imtinasına münasibəti belə olub: “Məndə olan məlumata görə, “Vətən”in baş məşqçisi Zamin Əsədullayev fasilə vaxtı Telman Abdullayevlə danışdıqdan sonra oyuna çıxmaqdan imtina edib. Onun “Oldu, Telman müəllim” sözlərini eşidənlər var”.
Lakin qarşı tərəf bu ittihamları qəbul etmir. T. Abdullayev “APA-Sport”a açıqlamasında baş verənlərə görə birbaşa X. İsayevin özünü günahlandırıb: “Xəzər İsayevin rəhbərlik etdiyi “Gömrükçü” komandası çempionatda çıxış etmir. Amma oyunçularını “Neftçi”yə icarəyə verdiklərindən bu komandanın çempionluğuna çalışır. Eşitdiyimə görə, yarışın təşkilatçılarına təzyiq göstərərək, çempionluğu “Neftçi”yə vermələrini tələb edib. Oyun vaxtı Zamin Əsədullayevlə aramızda heç bir telefon danışığı olmayıb. Əsədullayev vaxtilə “Gömrükçü”də məşqçi kimi çalışıb. O, kömək edən idisə, elə “Neftçi”yə kömək edərdi də...” Özünün çempionat təşkilatçılarına təzyiq göstərdiyi barədə ittihamları rədd edən “Ruslan-93”-ün prezidenti bir ilə yaxındır, Azərbaycan Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevlə də münasibətinin soyuq olduğunu vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR