Bank Of Baku

Vidadi Rzayev: “Karvan”da məşqçi işləmək üçün Yunis Hüseynovdan halallıq almışam”

Vidadi Rzayev: “Karvan”da məşqçi işləmək üçün Yunis Hüseynovdan halallıq almışam”
# 21 iyun 2007 14:12 (UTC +04:00)
““Karvan”dan məşqçi işləməklə bağlı təklif almağımdan bu komandanın sabiq məşqçisi olan dostum Yunis Hüseynovun xəbəri var. Təklifi alandan sonra onunla söhbətim olub, halallığını almışam. Almasaydım belə, “Karvan”da məşqçi işləyəcəkdim. Çünki mənə dəvət göndərilməsi “Karvan”ın yeni baş məşqçisi Təbriz Həsənovun futbolu yenicə başa vurub məşqçiliyə başlamaq istəyən mənə diqqətinin göstəricisidir. Mən bunu qiymətləndirərək, təklifi qəbul etdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Yevlaxın “Karvan” klubuna məşqçi təyin edilən Vidadi Rzayev bu gün keçirilən mətbuat konfransında bildirib. V. Rzayev Y. Hüseynovun “Karvan”ın baş məşqçisi olduğu vaxtda bu komandada çıxış etmək variantının reallaşmamağının səbəbini bilmir: “Hələ futbol oynadığım vaxtda “Karvan” mənimlə maraqlansa da, hansıda səbəblərdən keçidim baş tutmadı. Bu maneələrin nədən ibarət olduğunu deyə bilmərəm. Yunis Hüseynov “Karvan”ın baş məşqçi postundan gedibsə, onun yerinə kimsə işləməlidir. Bu post boş qalası deyil ki... Hərə öz həyatını yaşayır, Yunis Hüseynova da gələcək işlərində uğurlar arzulayıram”. “Karvan”ın digər yeni məşqçisi Mahir Əliyevlə birgə T. Həsənovin köməkçisi olacaq V. Rzayev bu komandanı seçməsinin səbəblərinə də aydınlıq gətirib: “Mənə digər klublardan da təkliflər var idi. Elə futbolçu karyeramı başa vurduğum “Olimpik” də qalmağımı, məşqçi kimi işləməyimi istədi. Ancaq mən gələn təkliflər arasında “Karvan”a üstünlük verdim. Bu heç də maliyyə ilə bağlı deyil. Sadəcə, əyalətdə, “Karvan” kimi klubda çalışmağı daha üstün tutdum. Yaxşı şəraiti olan “Karvan”ı iddiasına görə təklif aldığım digər klublardan üstün tutdum. Həm də “Karvan”ın rəhbərliyi ilə münasibətlərim pis deyil”.
V.Rzayev məşqçilikdə ilk addımlarını atdığı “Karvan”da təcrübə toplayaraq, bu sahədə püxtələşəcəyinə inandığını qeyd edib. O, məşqçi kimi gənc futbolçulara dəstək olacağını da vurğulayıb: “Bir çox klublarımız gəncləşdirmə siyasətindən danışır. Ancaq ortada real bir şey yoxdur. Gənclərə şans verilməsə, onlar nə vaxt oynayacaqlar? Gənclər bir neçə təcrübəli futbolçunun əhatəsində olub, təcrübəli qazanmalı, səviyyələrini artırmalıdırlar. Mən 40 yaşında Azərbaycan çempionatında oynayıramsa, deməli, gənc futbolçular da oynaya bilər. Sadəcə, onlara etimad göstərmək lazımdır”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR