Bank Of Baku

“Neftçi” klubunun prezidenti: “Ələddin Ağayi bizdən 30 min ABŞ dolları tələb edib”

“Neftçi” klubunun prezidenti: “Ələddin Ağayi bizdən 30 min ABŞ dolları tələb edib”
# 09 iyul 2007 11:41 (UTC +04:00)
Qadın futbolçulardan ibarət “Neftçi” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə az öncə başa çatan III Azərbaycan çempionatında “Ruslan-93” komandasının qızıl medalları qanunsuz yolla qazandığı bildirilib. “Neftçi”nin prezidenti Azər Rəhimov “Ruslan-93”ün AFFA tərəfindən çempion edilməsinə dair faktların mövcudluğunu söyləyib: “Əvvəla, “Ruslan-93” milli çempionatda Azərbaycan yığmasının forması ilə çıxış edirdi. Bu, AFFA-nın əsasnaməsinin kobud şəkildə pozulması deməkdir. Snejana Gömruqova ilə Gozəl Zakirova müqavilə əsasında Rusiyanın Hərbi Dəniz Qüvvələrinə bağlı olsalar da, “Ruslan-93”ün şərəfini qoruyurdular”. Mətbuat konfransında 4-cü tur çərçivəsində keçirilən “Ruslan-93” “Neftçi” oyunundan video görüntülər nümayiş etdirilib. A.Rəhimov vurğulayıb ki, baş hakim Ramiz Əhmədov oyunu qərəzli idarə edərək, “Neftçi”nin lehinə iki penalti verməyib. Milli çempionatın son turunun oyunlarına da toxunan A.Rəhimov “Vətən”lə yarımçıq qalan görüşdən danışıb: “Vətən” birinci hissədən sonra səbəb göstərmədən meydandan çıxdı. Bu klubun məşqçisi qarşılaşmanı davam etdirmək üçün bizdən 2 min dollar rüşvət istədi”. Onun sözlərinə görə, AFFA-nın baş katibi vəzifələrinin müvəqqəti icraçısı Ələddin Ağayi də “Neftçi”dən pul tələb edib: “Ələddin Ağayi dedi ki, UEFA kubokunda iştirak etmək istəyisinizsə, 30 min ABŞ dolları verməlisiniz. Özü də bu məbləğin qarşılığında heç bir sənəd almayacaqdıq. Halbuki, avrokuboklarda iştirak üçün AFFA-ya zəmanət məktubu vermişdik. Əgər Fuad Əsədov baş katib vəzifəsindən istefa verməsəydi, belə qanunsuzluqlar baş verməyəcəkdi”. “Neftçi”nin rəhbəri bildirib ki, “Ruslan-93” yarışa müsabiqədən kənar qatılsa da, sonradan təşkilatçılar işi öz xeyirlərinə dəyişiblər: “Hətta şəxsi görüşlərdə də “Ruslan-93”ü üstələmişik. Lakin çempionluq rəqibə verilib. Mən Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevdə günah görmürəm. Bütün bu qanunsuzluqları AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovla Yarışların Təşkil və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov həyata keçirib. “Vətən”in heyətində 12-13 yaşlı futbolçular çempionata buraxılıb ki, bu da əsasnaməyə ziddir”. A.Rəhimov FİFA və UEFA-ya göndərilən şikayət məktubuna cavab aldıqlarını söyləyib: “FİFA və UEFA-dan bizə gələn cavabda məsələnin ciddi araşdırılacağı qeyd olunub”. A.Rəhimov məsələnin müsbət həll olunmayacağı təqdirdə, Azərbaycan çempionatında iştirakdan imtina edəcəklərini deyib: “Klubumuzun aylıq smetası 5000 dollara bərabərdir. Çəkdiyimiz xərclər hədər gedir. Belə getsə, AFFA-nın bayrağı altında keçirilən yarışlardan imtina edərək, Rusiya və ya Ukrayna çempionatlarında mübarizə aparacağıq”. Tədbirə qatılan “Səbuhi” (Sumqayıt) klubunun baş məşqçisi Salman Əliyev də çempionatdakı qanunsuzluqlara kəskin etirazını bildirib: “Mən belə eybəcərlikləri çox görmüşəm. Bundan sonra qadın futboluna sərmayə qoyan insanları ağılsız adlandıracağam. Hazırda Azərbaycan çempionatı aldadıcıdır, nümayiş xarakterlidir. Mənə elə gəlir ki, III ölkə birinciliyi komandamın çıxış etdiyi son çempionat olacaq”. Mətbuat konfransının sonunda A.Rəhimov “Neftçi”nin yeni baş məşqçisi Boris Tibilovu təqdim edib. Azərbaycan yığmasının sabiq baş məşqçisi B.Tibilov “Neftçi” ilə birillik müqavilə bağlayıb.
AFFA-nın baş katibi vəzifələrinin müvəqqəti icraçısı Ələddin Ağayi isə “APA-Sport” agentliyinə açıqlamasında ünvanına söylənilən ittihamları rədd edib: “Mənim “Neftçi”dən 30 min dollar istəməyim barədə deyilənlər cəfəngiyatdır. Qaydaya əsasən, UEFA kubokunda iştirak etmək istəyən komanda zəruri xərclərin qarşılığında əvvəlcədən 30 min dollar zəmanət verməlidir. Çünki zəmanət olmasa və Azərbaycan UEFA kubokuna qatılmasa, AFFA 300 min İsveçrə frankı cərimələnə bilər. Amma “Neftçi” pul zəmanəti vermədi. Əvəzində klubdan dedilər ki, 1 hektar torpaq sahəmiz var, onu girov qoya bilərik. Mən də cavabında dedim ki, məgər bura kolxozdur?” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR