Bank Of Baku

Ağasəlim Mircavadov: “Xorvatlara yalnız təcrübəsizlikdə uduzduq”

Ağasəlim Mircavadov: “Xorvatlara yalnız təcrübəsizlikdə uduzduq”
# 18 iyul 2007 09:48 (UTC +04:00)
“İlk oyunda futbolçularımdan çox razı qaldım. Komandanın 15 günə hazırlaşdığını nəzərə alsaq, mənə yaxşı təsir bağışladı”. Bu fikirləri “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov Xorvatiyanın “Dinamo” klubu ilə Çempionlar Liqasının ilk təsnifat mərhələsində Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. A. Mircavadov “Dinamo” ilə oyunda futbolçuların verdiyi tapşırıqları yerinə yetirdiyini söyləyib: “İlk matçda əsas məqsədimiz orta sahədə rəqibə uduzmamaq, ciddi müqavimət göstərmək və sürətli oyun nümayiş etdirmək idi. Rəqibin həmlələrinin qarşısını almaqla yanaşı, məqsədimiz hücumlar təşkil etmək idi ki, bütün bunlar bizdə alınırdı. Buraxdığımız qol müdafiəçilərimizin səhvindən oldu. Ancaq komandada yeni futbolçular olduğunu və yeni komandanın formalaşdığını da nəzərə almaq lazımdır. “Dinamo”da Xorvatiyanın yığmasının bir neçə futbolçusu çıxış edir. Bununla biz rəqiblə başa-baş oynayaraq, onlara heç də uduzmur, hətta bəzi komponentlərdə üstün olurduq. Oyunda kifayət qədər, hətta sona yaxın azlıqda qalanda da qol imkanlarımız oldu. “Dinamo”ya uduzduğumuz yeganə komponent təcrübəsizlik oldu”. A. Mircavadov oyunun Lənkəranda keçiriləcəyi halda, nəticənin daha yaxşı ola biləcəyini qeyd edib: “Lənkərandakı stadionda tribunalar meydana yaxın olduğundan azarkeşlərimiz oyuna daha çox təsir edə bilərdi. Amma Respublika stadionuna gələn azarkeşlərin də böyük əməyi oldu. Ümumiyyətlə, avrokuboklarda bütün Azərbaycan təmsil olunduğundan klub anlayışı olmamalıdır. Məsələyə bu prizmadan baxmaq lazımdır. Sabah “Neftçi” ilə “MKT-Araz” da Azərbaycanı avrokuboklarda təmsil etdiyindən onlara da dəstək olmaq lazımdır”. A. Mircavadov yeni futbolçulardan narazı qalmadığını və onların vaxta ehtiyac olduğunu söyləyib: “Yeni futbolçularımızın birmənalı şəkildə pis, yaxud əla təsir bağışladıqlarını demək olmaz. Sadəcə belə ağır oyunda yaxşı təsir bağışladıqlarını söyləmək olar. Onların komandaya yenicə qoşulduğunu nəzərə almaq lazımdır. Yeni futbolçulara vaxt laxımdır və onların oyunları hələ irəlidədir”. Cavab görüşünün da ağır olacağını bildirən A. Mircavadov Zaqrebdə qələbə qazanmağa çalışacaqlarını deyib: “Dinamo”dan hamınız qorxurdunuz. Ancaq göründüyü kimi, adi komanda idi və rəqibə taktiki planda uduzmadıq. “Dinamo” ilə cavab görüşünə hazırlığa bir həftə vaxtımız var. Hər bir oyunda olduğu kimi, Zaqrebdəki matça da qələbə qazanmaq məqsədilə çıxacağıq. Evdə qol buraxmağımıza görə ruhdan düşmürük. Rəqib meydanında da qol vura bilərik. Cavab görüşündə ən azı belə oyun göstərəcəyimizə söz verə bilərəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR