Bank Of Baku

Branko İvankoviç: “Biz öz meydanımızda uduzmağı sevmirik”

Branko İvankoviç: “Biz öz meydanımızda uduzmağı sevmirik”
# 24 iyul 2007 09:15 (UTC +04:00)
“Futbolda tez-tez sürpriz nəticələr qeydə alınır. Amma ilk görüşün 1:1 hesabı ilə başa çatdığını nəzərə alsaq, “Dinamo”nun favorit olması ilə razılaşmalıyıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Xorvatiyanın “Dinamo” komandası ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib. A.Mircavadov yarımmüdafiəçi Ceyhun Sultanovla hücumçu Vüqar Nadirovun zədəli olduğunu xatırladaraq, bir həftə öncə Bakıda keçirilmiş ilk oyunda qırmızı vərəqə ilə cəzalandırılan kapitan Emin Quliyevin mövqeyində Darius Jutautasın çıxış edəcəyini bildirib: “Eminin qırmızı vərəqə alması bütün planlarımızı pozdu. Məcburiyyət qarşısında qaldığımızdan onun yerində, yəni dayaq yarımmüdafiəçisi mövqeyində Jutautasa forma geymək şansı verəcəyəm. Jutautasın ilk matçda oynadığı müdafiənin sağ cinahı isə Füzuli Məmmədova tapşırılacaq”. Çalışdırıcı rəhbərlik etdiyi komandanın səfərdə oynamasına baxmayaraq, rəqibin azarkeşlərinin oyuna təsir göstərə bilməyəcəyini vurğulayıb: “Çılğın azarkeşlər Azərbaycanda daha çoxdur. “Dinamo”nun stadionunda tribuna qazondan uzaqdadır. Əgər yaxşı oyun göstərə bilsək, rəqibin azarkeşləri bizə yox, öz sevimli komandalarına təzyiq edəcəklər”. A.Mircavadov, həmçinin bildirib ki, ikinci təsnifat mərhələsinə vəsiqə qazanmaq mümkünsüz deyil: “Çempionlar Liqasında zəif rəqib olmur. Bu rəqiblərlə qarşılaşmalardan qalib ayrılmaq isə mümkünsüz deyil. Azərbaycan klubları dəfələrlə belə müvəffəqiyyətlərə nail olublar”.
“Dinamo”nun baş məşqçisi Branko İvankoviç isə heyətlə bağlı problem yaşadıqlarını nəzərə çatdırıb: “Xəzər-Lənkəran”la cavab oyununda Çorluk, Quel, Şokota və Vrdolyaka meydana çıxa bilməyəcəklər. Vuqrineç heyətə düşsə də, görüşə ehtiyat oyunçular skamyasından başlayacaq”. B.İvankoviç qapıçı Georg Koxun ünvanına xoş sözlər söyləyib: “Kox çox təcrübəli qapıçıdır. Onun əla reaksiyası var, üstəlik ötən həftə Bakıda keçirilən matçda səhvə yol vermədi. Lakin Koxun öz sayıqlığını sonadək qoruya biləcəyini və komandamda əsas qapıçı olacağını zaman göstərəcək”. Xorvatiyalı məşqçi deyib ki, yetirmələri doğma divarlar arasında məğlubiyyət acısı dadmağı xoşlamırlar: “Xəzər-Lənkəran” güclü komandadır. Buna baxmayaraq, məni rəqibin gücündən daha çox öz komandam düşündürür. Biz öz meydanımızda uduzmağı sevmirik”. Proqnoz vermək istəməyən B.İvankoviç bunun üçün bukmeykerlərə müraciət etməyin məqsədəuyğunluğunu vurğulayıb.
“Dinamo” və “Xəzər-Lənkəran” arasında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçı bu gün Zaqrebdə keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR