Bank Of Baku

Fariz Yusifov: “Çempionlar Liqasına təyinat almağım mənim üçün gözənilməz oldu”

Fariz Yusifov: “Çempionlar Liqasına təyinat almağım mənim üçün gözənilməz oldu”
# 26 iyul 2007 12:07 (UTC +04:00)
“Çempionlar Liqasına təyinat almağım mənim üçün gözlənilməz oldu. Çünki il yarımdır FİFA hakimi olsam da, təyinat almırdım. Ötən ay İntertoto kuboku oyununa aldığım təyinat isə Şengen vizası problemi ilə üzləşdiyimizdən ləğv olundu. Belə olan halda təyinatımın ən yaxşı halda yenə İntertoto kubokuna olacağını gözləyirdim. Ancaq UEFA Hakimlər Komitəsinin mənə Çempionlar Liqası oyununa təyinat verdi ki, göstərdiyi bu etimada görə onlara minnətdaram”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında 35 yaşlı azərbaycanlı FİFA hakimi Fariz Yusifov bildirib. F. Yusifovun FİFA hakimi kimi rəsmi oyunda debütünün reallaşdığı “Reyncers” (Andorra) “Şerif” (Moldova) oyununda köməkçiləri Azər Əsgərov, Elman Musayev və Babək Quliyev olub. Debütünü uğurlu hesab edən F. Yusifov idarəçiliyinin yüksək qiymətləndiriləcəyinə inandığını deyib: “FİFA hakimi qismində ilk rəsmi oyunuma çıxdığıma görə məsuliyyət böyük idi. Həm də etiraf edirəm ki, debütümə görə həyəcanlanırdım. Oyunu problemsiz, yüksək səviyyədə idarə etdik ki, buna görə köməkçilərimə minnətdaram. Bizə qiymət verən maltalı Viktor Mintoff idarəçilyimizin qənaətbəxş olduğunu və oyun zamanı anlaşma baxımından hər hansı problem olmadığını bildirib. İndiyədək ingilis dili ilə bağlı problemimi aradan qaldırmaq üçün mənə vaxt lazım idi. Artıq ingilis dili ilə bağlı problemim yoxdur də sərbəst danışaraq protokolu doldurmaqda da çətinlik çəkmədim”. F. Yusifov oyunda dörd sarı vərəqə göstərib ki, bunlardan üçü “Şerif”in futbolçularının payına düşüb. FİFA hakimimiz Andorradakı matça yollanarkən “Şerif” ilə “Reyncers” klubları arasında ilk oyun haqda məlumat toplamağı lazım bilib: “Şerif”in 2:0 hesablı qələbəsi ilə başa çatan ilk oyun kobudluq, çoxlu vərəqənin göstərilməsi ilə yadda qalıb. Belə ki, Moldovada keçirilən həmin matçda “Reyncers”in iki futbolçusu meydandan qovulub, dörd oyunçusu sarı vərəqə alıb. Oyunda qalan üç sarı vərəqə “Şerif”in futbolçularına göstərilib. Bütün bunları təhlil edərək, cavab görüşündə ilk dəqiqələrdən oyuna nəzarəti ələ aldım və kobudluğa imkan verməməyə çalışdım. Kobudluğu sarı vərəqə ilə cəzalandırdım. Göstərdiyim dörd sarı vərəqədən ikisi kobud oyuna, biri qəsdən əllə oyuna, biri isə vaxt uzatmağa görə oldu. Andorra klubu Çempionlar Liqasında zəif komanda olmadığını nümayiş etdirdi və bərabər səviyyəli keçən oyunda 68-ci dəqiqəyədək hesab açılmadı. “Şerif” əks-hücumlarda üç qol vuraraq, böyük hesablı qələbə (3:0) qazandı. Açığı, “Şerif”in oyunçuları məni oyundan əvvəl xoş qarşılaşdılar. Baxmayaraq ki, ötən il yanvarında Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku” turnirində “Şerif” idarə etdiyim hər iki matçda uduzub. Ancaq bu dəfə ayağım “Şerif”ə düşdü və komanda ikinci mərhələyə çıxaraq, Türkiyənin “Beşiktaş” klubu ilə görüşəcək”.
F. Yusifov Andorraya səfəri zamanı təbliğat işi ilə məşğul olduğunu qeyd edib: “Andorra Fransa ilə İspaniyanın tən ortasında yerləşən ərazicə çox kiçik ölkə olsa da, gözəl yerləri var. Andorrada Azərbaycan tanınmadığından, orada olduğum müddətdə ölkəmizlə bağlı təbliğat işi apardım. Bu işdə mənə oyunun isveçrəli UEFA nümayəndəsi də yardımçı oldu. Belə ki, isveçrəli vaxtilə Bakıdakı oyunumuza təyinat alıb və andorralılara Azərbaycan haqda xoş sözlər dedi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR