Bank Of Baku

Ağasəlim Mircavadov: “Yayda Yevlaxda oynamaq cəhənnəmdir”

Ağasəlim Mircavadov: “Yayda Yevlaxda oynamaq cəhənnəmdir”
# 30 iyul 2007 14:08 (UTC +04:00)
“Karvan”la səfər oyununun öz çətinlikləri var”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov bu gün AFFA-da keçirilən püşkatmaya əsasən, avqustun 11-də və 12-də keçiriləcək ilk turda rəqibin Yevlaxın “Karvan” klubunun olmasını normal qarşıladığını söyləyib: “Püşkatma bizdən asılı məsələ deyil. Hansı klubla düşmüşənsə, onunla da oynayacaqsan. Onsuz da əvvəl-axır bütün rəqiblərlə görüşməlisən. Mövsümlərarası fasilədə məşqçisi, heyəti dəyişən “Karvan”ın oyununu görməmişəm. Sadəcə, narahatçılıq doğuran məsələ Yevlaxda hava ilə bağlıdır. Yay aylarında Yevlaxda havalar çox isti olur və orada oynamaq cəhənnəmdir. Matçın başlanma vaxtını axşam saatlarında təyin etmək olar. Belə olan halda, sərində oynamaq olar. Ancaq Yevlaxda “Karvan”ın ev oyunlarını keçirdiyi yardımçı meydançada belə imkan yoxdur. Həmin meydançanın ölçülərinin kiçik olması da əlavə çətinlik yaradır”. “Karvan”la səfər matçı “Xəzər-Lənkəran”ın afrikalı hücumçusu Yakuba Bamba üçün prinsipial olacaq. Belə ki, Y.Bamba Azərbaycanda çıxış etdiyi ilk kluba qarşı oynayacaq. A.Mircavadov mövsümlərarası fasilədə “Karvan”dan transfer etdikləri qaradərili hücumçunun oyuna hazır olmağının vacib olduğunu vurğulayıb: “Bambanın son vaxtlar problemi yaranıb. O, “Xəzər-Lənkəran”a keçəndən sonra aldığı zədəyə görə özünü tam göstərə bilmir. Bamba “Karvan”la oyuna qədər hazır olmalıdır. Afrikalı hücumçunun zədə problemi arxada qalmaqdadır və o artıq tam gücü ilə çalışmağa başlayıb. Zədəlilərdən Ceyhun Sultanovla Vüqar Nadirovun da vəziyyəti yaxşılaşır. Yalnız zədə problemi qalan Rəşad Kərimovdur”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” ötən mövsüm ilk məğlubiyyətini “Karvan”la Yevlaxda keçirilən oyunda alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR