Bank Of Baku

İqor Nakoneçnı: “Polşada “Qrotslin” səddini məhsuldar heç-heçə sayəsində keçəcəyimizə inanıram”

İqor Nakoneçnı: “Polşada “Qrotslin” səddini məhsuldar heç-heçə sayəsində keçəcəyimizə inanıram”
# 01 avqust 2007 14:43 (UTC +04:00)
“Polşada “Qrotslin” səddini məhsuldar heç-heçə sayəsində keçəcəyimizə inanıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında UEFA kubokunda Azərbaycanı təmsil edən “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı deyib. “Qrotslin” ilə sabah keçiriləcək cavab görüşünə hazırlıqdan razı qalan ukraynalı çalışdırıcı son yoxlama matçında “Bakı”ya 1:3 hesablı məğlubiyyətə görə, ruhdan düşmədiklərini söyləyib. “Yoxlama matçında nəticə önəmli deyil. Ən əsası futbolçuları sınaqdan keçirmək idi. Bizə “Qrotslin” ilə görüş öncəsi oyun praktikası lazım idi. Bunu da “Bakı” ilə oyunda reallaşdırdıq. Ümumiyyətlə, “Qrotslin” ilə cavab görüşü üçün hazırlıqdan razı qaldım. Məşqlərimizi münasib şəraitdə, yaxşı ot örtüyünə malik Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçdik”. İ.Nakoneçnı “Qrotslin” klubunun Polşa çempionatının ilk turunda öz meydanında böyük hesabla məğlub olmasına da toxunub: “Rəqibimizin ilk turda 1:4 hesabı ilə məğlub olması, hələ heç nə demək deyil. Buna görə, fikir yürütmək olmaz. Məni əsas narahat edən öz futbolçularımızın bundan arxayınlaşmasıdır. Psixoloji hazırlıqda bu amilə diqqət yetiririk. Qitə miqyaslı görüşlərdə motivasiya tam fərqli olur. ”Qrotslin” Bakıda münasib nəticə qazanıb və bu səbəbdən öz meydanında UEFA kubokunda mərhələ adlamaq şansını əldən buraxmamağa çalışacaq. Polşalıları səfərdə yenməyimiz çətin olduğundan, əsas ümidimiz heç-heçə etməkdir. Bakıda qol buraxmadığımız üçün istənilən məhsuldar heç-heçə bizim xeyrimizədir. Belə olsa, növbəti etapa “Qrotslin” yox, “MKT-Araz” çıxacaq. Rəqibə qələbə lazım olduğundan, böyük qüvvə ilə hücum etməsi arxa xətdə boşluqlar yaradacaq. Bu, bizim qol vurmaq şanslarımızı artırır. İlk oyunla müqayisədə səfər matçında əsas heyətdə az da olsa dəyişiklər olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR