Bank Of Baku

Qurban Qurbanov: “Subaşiç ikinci hissədə oynamaq istəmirdi”

Qurban Qurbanov: “Subaşiç ikinci hissədə oynamaq istəmirdi”
# 03 avqust 2007 11:21 (UTC +04:00)
“Avstriyalılarla oyunda bəxtsizlikdən lazımi nəticəni əldən verdik. Həm səfərdə, həm də öz meydanımızda heç nədən qol buraxacağımızı və əvəzində yaratdığımız qol imkanlarından istifadə etməyəcəyimizi bu dərəcədə gözləmirdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Avstriyanın “Rid” komandası ilə keçirilən UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab görüşündən sonra “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. “Rid”lə hər iki görüşün çox möcüzəli alındığını bildirən Q.Qurbanov günahın həmişə məğlub komandada axtarıldığını vurğulayıb: “Uduzmuşuqsa, demək nəyisə düz etməmişik. Amma fikrimcə, o dərəcədə səhvlərimiz olmadı. İlk yarıda əldə etdiyimiz 2:0 hesablı qələbə bizi qane etdiyindən, rəqibin istər-istəməz ikinci hissədə hücuma keçəcəyi bilinirdi. Fasilədən sonra müdafiəyə çəkilsək də, yenə qol imkanlarımız oldu. Üçüncü qolu vursaydıq, tam başqa oyun olardı. Kubok oyununda bir top demək olar ki, hər şeyi həll edir. Hətta matçın sonlarında hesab 2:1 olarkən, yenə fərqlənib, görüşü əlavə vaxta apara bilərdik. Bir sözlə, biz bu qarşılaşmada mərhələ keçmək üçün lazımi nəticəni əldə etməli idik. Sadəcə, bəxtimiz gətirmədi”. Hər iki oyunun sonlarında qol buraxmalarını yalnız fiziki hazırlığın aşağı olması fikri ilə razılaşmayan Q.Qurbanov psixoloji yorğunluğun da öz sözünü dediyini bildirib: “Bəlkə də fiziki cəhətdən çatdırmırdıq. Amma yalnız bu amili qabartmaq düzgün olmazdı. Əgər fiziki hazırlıq o dərəcədə zəif olsaydı, ilk 45 dəqiqəni rəqib qapısı qarşısında keçirməzdik. Ümumi götürdükdə, oyunçularımız həm psixoloji, həm də fiziki cəhətdən yorulmuşdular. İlk oyunda iki top fərqi ilə uduzduğumuzdan, bizim üzərimizə daha çox məsuliyyət düşürdü. İkinci oyunda qalib gəlmək üzərində çox düşündükdə, istər-istəməz psixoloji yorğunluq yaranır. Bu amil ikinci oyunun sonuna yaxın özünü göstərdi. İlk görüşdə qollara nəzər yetirsək, fiziki hazırlığın zəif olmasının heç bir rolu yox idi. Həmçinin də indi”. Q.Qurbanov etdiyi əvəzləmələrinə də aydınlıq gətirib. Onun sözlərinə görə, fasilədə Branimir Subaşiç özünü çox pis hiss etdiyini və hətta ikinci hissədə oynamaq istəmədiyini bildirib: “Subaşiç dünən də naxoş idi. Həkimə müraciət etdik, dedi ki, hər şey qaydasındadır. İkinci hissədə gördük ki, həqiqətən də özünü pis hiss edir. Aqil Məmmədov da eyni sözləri demişdi. Bu səbəbdən, hər ikisini dəyişdik. Həmçinin, rəqibin ikinci hissədə təhlükəli cinah hücumlarının qarşısını almaq üçün Elnur Allahverdiyevi meydana buraxaraq, dörd müdafiəçiyə keçdik”. Baş məşqçi Georgi Adamiyanın zəif nəzərə çarpmadığını, əksinə, faydalı iş əmsalının çox böyük olduğunu iddia edib. Zaur Tağızadənin meydandan qovulmasına gəlincə, Q.Qurbanov bunları deyib: “Zaur Tağızadəyə tapşırmışdıq ki, rəqibin təxribatına uyma, ehtiyatlı ol. İkinci hissədə əks-hücum taktikası seçdiyimizdən, Zaur bizə lazım idi. Amma o, ikinci sarı vərəqə alaraq, meydandan qovuldu. Hakim həmin epizodda ikinci sarı vərəqəni göstərməyə də bilərdi. Zaurun ayaqları sürüşdü. Özünü saxlaya bilmədi.
Bundan sonra 10 nəfərlə oynamaq əlbəttə ki, çətin idi. Rəqib azlıqda qalmağımızdan tez istifadə etdi. Əgər Zaur qovulandan ən azı iki-üç dəqiqə keçsəydi, hər şey öz qaydasına düşəcəkdi və sonadək hesabı qoruyacaqdıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR