Bank Of Baku

“Orduspor” klubunun meneceri Dursun Karamustafa: “Ernani əsəblərini cilovlaya bilmədi”

“Orduspor” klubunun meneceri Dursun Karamustafa: “Ernani əsəblərini cilovlaya bilmədi”
# 07 avqust 2007 13:54 (UTC +04:00)
“Azərbaycandan futbolçu transfer etmək istəyirik”

Türkiyənin ikinci liqasının A kateqoriyasında mübarizə aparan “Orduspor” klubu Azərbaycandan futbolçu alacaq. Bu barədə “APA-Sport” agentliyinə komandanın meneceri Dursun Karamustafa məlumat verib. D.Karamustafa seleksiya məqsədi ilə Bakıya gələcəyini bildirib: “Dövrələrarası fasilədə, yəni qışda Bakıya səfərim planlaşdırılıb. Azərbaycandan futbolçu transfer etmək istəyirik. Bildiyimizə görə, Azərbaycanda gənc və perspektivli futbolçular var”. Türkiyəli menecerin sözlərinə görə, azərbaycanlı futbolçular ikinci liqada legioner sayılmadığı üçün bu amildən yararlanmaq fikrindədirlər: “Qaydalara əsasən, Türkiyənin ikinci liqasında forma geyən azərbaycanlılar yerli oyunçu statusu daşıyırlar. Bu amil bizim Azərbaycanda transfer çalışmaları həyata keçirməyimizə stimul verir”. D.Karamustafa az öncə “Orduspor”dan ayrılan Azərbaycan milli komandasının müdafiəçisi Ernani Pereyra haqqında da danışıb. Onun sözlərinə görə, braziliyalı futbolçu ehtiyatda qaldığından komanda ilə vidalaşıb: “Baş məşqçi Suat Kaya onu ehtiyatda saxladığı üçün Pereyra əsəblərini cilovlaya bilmədi. Beləliklə, o, klubdan getdi. Deyəsən, indi öz vətənindədir”. “Orduspor” rəsmisi E.Pereyranın məşqçi və ya texniki heyət üzvləri ilə dalaşmasını təsdiqləməyib.
Qeyd edək ki, ötən mövsüm Yevlaxın “Karvan” klubunun şərəfini qorumuş E.Pereyra iyulda “Orduspor”la bir illik müqavilə bağlamışdı. Amma braziliyalı futbolçu ilə müqavilə ikitərəfli qaydada pozulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR