Bank Of Baku

Saşa Yunusoğlu: “Komandanın dağılması xəbərini eşidən kimi şoka düşdüm”

Saşa Yunusoğlu: “Komandanın dağılması xəbərini eşidən kimi şoka düşdüm”
# 10 avqust 2007 08:50 (UTC +04:00)
“Klubun dağılması xəbərini eşidən kimi şoka düşdüm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında XVI Azərbaycan çempionatında çıxışını dayandıran İmişlinin “MKT-Araz” klubunun kapitanı Saşa Yunisoğlu deyib. Komandanın dağılması xəbərini baş məşqçi İqor Nakoneçnıdan eşitdiyini vurğulayan S.Yunusoğlu futbolçuların çətin vəziyyətə düşdüyünü söyləyib: “Bizi avara yerinə qoydular. Heç olmasa, kapitanam, bu haqda mənə xəbər verərdilər. Komandanın dağılması haqda bəzi futbolçulardan xəbəri eşidincə, İqor Nakoneçnının otağına getdim. O, rəhbərliyin qərarı ilə komandanın dağılmasını təsdiqləyərək, bu barədə futbolçuları məlumatlandırmağı xahiş etdi”. 2004-cü ildən klubun şərəfini qoruyan Ş.Yunisoğlu maliyyə probleminin əvvəldən yarandığını qeyd edib: “UEFA kubokunda “Qrotslin” ilə oyunlara hazırlıq zamanı komanda ciddi maliyyə problemi ilə üzləşmişdi. Bununla belə, biz oynamaqdan imtina etmirdik. Klub rəhbərliyi pulların veriləcəyi haqda vədlər verirdi. Komandanın rəhbər şəxslərini yaxşı tanıdığımdan, onların dediklərinə inanırdım. Axırda da belə sarsıdıcı xəbər aldıq”. Gələcək talelərinin aydınlaşmadığını deyən müdafiəçi bundan sonra özlərinə klub tapmağın çətin olacağını bildirib: “Komanda dağılacaqdısa, bunu əvvəldən deyərdilər. Axı bizi də nəzərə almaq lazımdır. Sabah milli çempionat başlayır, biz isə klubsuz qalmışıq. Belə bir qərarla nə qədər futbolçunu pis vəziyyətdə qoydular. Düzdür, “transfer pəncərəsi” avqustun 31-də bağlandığından, başqa kluba keçməyə vaxt var. Ancaq çempionatın başlanmasına bir gün qaldığını və bütün klubların heyətini komplektləşdirdiyini nəzərə almaq lazımdır. Bu isə futbolçuların işini çətinləşdirir. Özümə gəlincə, menecerim hazırda İrandadır. İmkan olsa, gedib İranda oynayacağam. Əks təqdirdə, Azərbaycanda qalıb, özümə bir klub tapmağa çalışacağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR