Bank Of Baku

İqor Nakoneçnı: “İmişliyə son səfərimdən çox təsirləndim”

İqor Nakoneçnı: “İmişliyə son səfərimdən çox təsirləndim”
# 10 avqust 2007 16:37 (UTC +04:00)
Maliyyə problemi yarandığı üçün XVI Azərbaycan çempionatında mübarizəni dayandıran “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı bu gün İmişliyə gedib. Bu barədə “APA-Sport” agentliyinə açıqlama verən İqor Nakoneçnı İmişliyə son səfərindən çox təsirləndiyini vurğulayıb: “Sonuncu dəfə İmişlidə oldum. Əşyalarımı yığmaq üçün klubun bazasına getmişdim. Bazanın, stadionun işçiləri və yerli sakinlərlə görüşüb onlarla vidalaşdım. İmişlini tərk etmək mənim üçün asan olmadı. Hər halda, iki il bu rayonda işləmişdim”. Komandasının dağılmasından təsirləndiyini söyləyən İ.Nakoneçnı hadisələrin bu vəziyyətə çatmasının ondan asılı olmadığını söyləyib: “Mən baş məşqçiyəm və əsas vəzifəm komandanın hazırlığı ilə bağlı məsələlərdir. Maliyyə məsələləri rəhbərliyə aid olan məsələdir. Komandanın fəaliyyətini davam etdirməsi, yaxud dayandırmasına onlar cavabdehdirlər. “MKT-Araz”ın dağılması məndən asılı deyil. Sadəcə, iki ildir bu komandada zəhməti olan bir şəxs kimi, belə vəziyyətlə üzləşməyimizə görə çox üzüldüm. UEFA kubokunda “Qrotslin” ilə oyunlar zamanı üzləşdiyimiz maliyyə problemləri heç də yaxşı gələcək vəd etmirdi. Həmin vaxt komandanın dağılacağını hiss etməsəm də, sadəcə, problemlərin ciddi olduğunu görürdüm”. Axşam saatlarında Bakıya qayıdan ukraynalı mütəxəssis vətəninə qayıtmağa hazırlaşdığını bildirib: “Hələlik Bakıdayam, bir neçə günə Azərbaycanı tərk edəcəyəm. Azərbaycanda qalıb, işləmək istəyərdim. “MKT-Araz” rəhbərliyi ilə görüşəcəyəm. Klub dağılandan sonra müqaviləm avtomatik qüvvədən düşür. Ukraynaya qayıdıb, oradakı vəziyyətlə tanış olacağam. Vətənimdə yeni mövsüm başladığından, yeni klub tapmaq elə də asan olmayacaq. Halbuki, “MKT-Araz”da işlədiyim müddətdə, klubla yeni müqavilə bağladığım vaxt vətənindən təklif alsam da, bunu qəbul etməmişdim. Hesab edirəm ki, “MKT-Araz”da işlədiyim bu iki ildə İmişlinin, Azərbaycan futbolunun inkişafı naminə xidmətlərim olub”.
Qeyd edək ki, “MKT-Araz” İ.Nakoneçnının rəhbərliyi altında Avropa kuboklarına vəsiqə qazanaraq, ardıcıl iki il qitə miqyaslı yarışlarda, İntertoto və UEFA kubokunda çıxış edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR