Bank Of Baku

AFFA “Neftçi” klubuna xəbərdarlıq məktubu göndərəcək

AFFA “Neftçi” klubuna xəbərdarlıq məktubu göndərəcək
# 13 avqust 2007 13:45 (UTC +04:00)
AFFA “Neftçi” klubuna xəbərdarlıq məktubu göndərəcək. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Nizam-İntizam Komitəsinin sədri Tofiq Fətullayev məlumat verib. XVI Azərbaycan çempionatının ilk turunda “Neftçi” “Turan” oyununa AFFA nümayəndəsi təyin edilən T.Fətullayev stadionda istefa şüarlarının səslənməsinin xoşagəlməz hal olduğunu bildirib: “Baş məşqçi Qurban Qurbanovla bağlı istefa şüarlarını eşitdim. Bununla bağlı, “Neftçi”nin fan-klubuna məktub göndərərək, onları xəbərdarlıq edəcəyik. Bu, bir daha təkrarlanarsa, “Neftçi” klubunu Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə uyğun cəzalandıracağıq”. T.Fətullayevin sözlərinə görə, milli çempionat yenicə start götürdüyündən “Neftçi” klubuna güzəşt ediləcək: “Çempionatın ilk turunun olmasını nəzərə alıb, əvvəlcə xəbərdarlıq edəcəyik. Stadionlarda istefa tipli xoşagəlməz şüarlar bundan sonra da səslənərsə, güzəştə getməyib, komandalara cəza verəcəyik”. Məsələyə sabah baxılacağını deyən T.Fətullayevin sözlərinə görə, qərar çıxarıldıqdan sonra məktub “Neftçi” klubuna göndəriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR