Bank Of Baku

Şahin Diniyev: “Milli komandada ən böyük çatışmazlıq hücumdan müdafiəyəyə vaxtında qayıda bilməməkdir”

Şahin Diniyev: “Milli komandada ən böyük çatışmazlıq hücumdan müdafiəyəyə vaxtında qayıda bilməməkdir”
# 23 avqust 2007 09:30 (UTC +04:00)
“Tacikistanla oyun qol epizodları və yaradıcılıq baxımından maraqlı alındı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev avqustun 22-də Düşənbədə yoldaşlıq görüşü çərçivəsində Tacikistan yığması üzərində qazanılan qələbə zamanı hücumçulardan razı qaldığını vurğulayıb: “Biz rəqib qapısı önündə asanlıqla qol vəziyyətləri yaradırdıq, düşünülmüş hücumlar qururduq. Ən əsası odur ki, qolları kombinasiyalı hücumlardan sonra vurduq”. Baş məşqçinin sözlərinə görə, hücumçuların yaxşı təsir bağışlaması rəqibin zəifliyindən irəli gəlmir: “Bu, hücum xəttində nail olduğumuz irəliləyişdir. Komandamız keçirdiyi son 4 görüşdə fərqlənib. Qarşımıza hər oyunda qol vuraraq, qənaətbəxş nəticə qazanmaq məqsədi qoymuşuq. Bu mənada Tacikistanın zəif komanda olması fikri ilə razı deyiləm. Tacikistanlılar gözləmədiyim halda, yaxşı oyun nümayiş etdirdilər”. Ş.Diniyev, həmçinin milli komandada problemlər olduğunu da söyləyib. Onun bildirdiyinə görə, futbolçular dağıdıcı funksiyanı yerinə yetirə bilmədikləri üçün müdafiə zəif təşkil edilib: “Ən böyük çatışmazlıq hücumdan müdafiəyəyə vaxtında qayıda bilməməyimizdir. Biz Tacikistana qarşı yaradıcı oyun göstərdik. Amma futbolçular topu rəqibdən almağa çətinlik çəkirdilər. Yəni, dağıdıcı funksiyanı yerinə yetirə bilmədikləri üçün rəqibin hücumları kəsərli alınırdı. Hər halda, tacikistanlılarla görüşün milli komandamıza xeyri dəydi. Heyətdəki bütün futbolçulara şans verməklə, onların oyun təcrübələrini artırmağa çalışdım”. Baş məşqçi sentyabrın 12-də Gürcüstanla Bakıda keçiriləcək yoldaşlıq görüşünə də toxunub. Ş.Diniyev vurğulayıb ki, qarşıdakı matçın hazırlığı üçün daha çox vaxtın ayrılması məqsədəuyğundur: “Sentyabrın 2-də ölkə çempionatının növbəti turunun oyunları başa çatacaq. Ayın 3-də və 4-də yığma üzvlərini bir araya yığmaq istəyirəm. Məqsədim gürcüstanlılarla matçın hazırlığına daha çox vaxtın ayrılmasına nail olmaqdır. Çünki bizi oktyabrda Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə çətin matç gözləyir. Qarşıdakı görüşlər ərəfəsində futbolçuların yığmanın düşərgəsində çox olması ümumi işə xeyir verəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR