Bank Of Baku

Şakir Qəribov: “Yığma komandanın oyununda irəliləyiş hiss olunur”

Şakir Qəribov: “Yığma komandanın oyununda irəliləyiş hiss olunur”
# 24 avqust 2007 08:34 (UTC +04:00)
“Futbolçularımız İrana qarşı yaxşı oyun nümayiş etdirdilər. Yığmanın oyununda irəliləyiş hiss olunur”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında 21 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Şakir Qəribov deyib. Ş.Qəribov bildirib ki, gənc futbolçularımız avqustun 21-də və 22-də Tehranda İranın 20 yaşlılardan ibarət yığması ilə baş tutan yoldaşlıq görüşlərində xoş təsir bağışlayıblar: “İlk növbədə çoxlu qol epizodu yaratmağımızı qeyd etməliyəm. Orta xətt oyunçuları öz işlərinin öhdəsindən layiqincə gəldilər. Onlar rəqibdən top almaqda, hücumların təşkilində fəal iştirak edirdilər. Arxa xətdə isə futbolçularımız daha yaxşı müdafiə olunurdular”. Baş məşqçi U-21 üzvlərinin İrana səfəri zamanı oyun təcrübələrini artırdıqlarını vurğulayıb: “Yığmanın futbolçuları öz klublarında demək olar, forma geymirlər. Bu səbəbdən onlar oyun təcrübəsindən əziyyət çəkirlər. İranla yoldaşlıq görüşləri bu baxımdan bizim üçün çox xeyirli oldu”. Ş.Qəribov deyib ki, rəhbərlik etdiyi komanda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 8-də Bakıda Yunanıstana qarşı keçiriləcək oyuna tam hazırdır: “Yunanıstanlılarla oyuna hazırıq. İnanıram ki, onlarla bu dəfə görüşümüz fərqli nəticə ilə başa çatacaq”.
Qeyd edək ki, Yunanıstanla bu ilin iyununda keçirilən ilk oyunda U-21 1:4 hesabı ilə məğlub olmuşdu. İran komandası ilə hər iki yoldaşlıq görüşündə isə meydandan bizim futbolçularımız qalib ayrılıblar (1:0; 1:0). Milli komandamızdan ilk oyunda Asif Məmmədov (79-cu dəq.), ikinci matçda Vaqif Cavadov (76-cı dəq.) fərqlənib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR