Bank Of Baku

Yaşar Vahabzadə: “Futbolçularda özünəinam hissləri yoxdur”

Yaşar Vahabzadə: “Futbolçularda özünəinam hissləri yoxdur”
# 25 avqust 2007 09:27 (UTC +04:00)
“Palanqa” turnirində yığmanın oyunundan həm razı, həm də narazı qaldım. Xüsusilə, son iki görüşdə futbolçular zəif təsir bağışladılar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-17) baş məşqçisi Yaşar Vahabzadə deyib. Y.Vahabzadənin sözlərinə görə, avqustun 17-dən 24-dək Litvada təşkil olunmuş “Palanqa” turnirində yığmamızın ardıcıl iki məğlubiyyətə düçar olmasının subyektiv səbəbləri var: “Yeniyetmə futbolçularımızda özünəinam hissləri yoxdur. Əslində, komanda güclüdür, amma oyunçular psixoloji səddi aşa bilmirlər. Məsələn, Rusiya ilə qarşılaşmanın birinci hissəsində yığma sönük oyun göstərdi. Halbuki, biz rəqibdən güclü idik. Uşaqlara dəfələrlə demişəm ki, rəqibdən güclüyük, qorxmaq lazım deyil. Məhz psixoloji amillər üzündən məğlubiyyətlə üzləşdik. Hətta Rusiya komandasının məşqçiləri matçdan sonra mənə yaxınlaşaraq dedilər ki, başa düşmürük, sizin futbolçularınız niyə belə qeyri-sabit oynayırlar?” Y.Vahabzadə U-17-nin üzvlərinin qol epizodlarından yaralanmaqda çətinlik çəkdiklərini bildirib: “Üçüncü yer uğrunda Belarusa qarşı keçirdiyimiz görüşdə yenə ilk hissədə zəif çıxış etdik. Heç nədən iki qol buraxdıq. Fasilədən sonra isə belarusluları sıxışdırmışdıq, “tək qapı” oyun gedirdi. Təkcə Cavid Musayevin 4 dəfə fərqlənmək şansı var idi. Ancaq o, bunların yalnız birini qola çevirə bildi”. Baş məşqçi vurğulayıb ki, Azərbaycan yığması turnirdə heç bir rəqibindən zəif nəzərə çarpmayıb: “Yetirmələrim topa yaxşı nəzarət edirdilər. Yarımmüdafiədə topu özlərində sərbəst saxlayırdılar. Milli komandanın üzvlərində fiziki yorğunluq yox idi. Özü də oyunu həmişə hücumda başa vururduq”.
Qeyd edək ki, “Palanqa” turnirində Gürcüstan (2:0) və Latviya (1:0) üzərində qələbə qazanan U-17 Rusiya (1:2) və Belarusa (1:2) uduzduğundan 4-cü yerlə kifayətlənib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR