Bank Of Baku

“Milan” beşinci dəfə UEFA Superkubokuna sahib çıxıb

“Milan” beşinci dəfə UEFA Superkubokuna sahib çıxıb
# 01 sentyabr 2007 09:33 (UTC +04:00)
Monakodakı “Lui II” stadionunda UEFA Superkuboku uğrunda oyun keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasının qalibi “Milan” (İtaliya) UEFA kubokunun sahibi “Sevilya” (İspaniya) ilə qarşılaşıb. Görüş həftə ərzində keçirilmiş digər oyunlar kimi, avqustun 28-də ürək çatışmazlığından vəfat edən “Sevilya”nın 22 yaşlı müdafiəçisi Antonio Puertonun xatirəsinə həsr olunub. Hər iki klub meydançaya qollarında matəm sarğıları və arxalarındakı nömrələrinin altında futbolçunun adının qara hərflərlə yazıldığı köynəklərdə çıxıblar. Oyun bir dəqiqəlik sükutla başlanıb. Hər iki komandanın azarkeşləri A.Puertoya həsr olunmuş şüarlar səsləndirərək, plakatlar nümayiş etdiriblər. Görüşə gəlincə, ötən il eyni arenada İspaniyanın digər klubu “Barselona”nı 3:0 hesabı ilə məğlub etmiş “Sevilya” bu dəfə qapısından 3 top buraxıb. Halbuki, ispaniyalılar 14-cü dəqiqədə Renatonun vurduğu qolla hesabda öndə olublar. Lakin fasilədən sonra Filippo İnzagi (55), Marek Yankulovski (62) və Kakanın (87) vurduğu qollarla “Milan” əbəs yerə Çempionlar Liqasını qazanmadığını bir daha təsdiqləyib. Lakin nə İtaliya klubunun futbolçuları, nə də azarkeşləri Superkubok sevincini büruzə verməyiblər. “Milan”ın baş məşqçisi Karlo Ançelotti də oyunsonrası açıqlamasını A.Puertonun vəfatı üzərində qurub: “Puertonun ölümü ilə əlaqədar oyun ərəfəsində qeyri-adi vəziyyət yaranmışdı. Təbii ki, bu faciə bizdən daha çox “Sevilya”ya təsir etmişdi. Amma ispaniyalılar yaxşı çıxış etdilər. İlk yarıda rəqibimiz bizdən üstün oldu. Fasilədən sonra isə üstünlüyü ələ keçirərək, uğur qazandıq”. “Sevilya”nın baş məşqçisi Xuande Ramos isə qalib gələrək, qələbəni vəfat etmiş futbolçuya həsr etmək istədiklərini vurğulayıb: “Amma hər halda, biz yaxşı oyun nümayiş etdirə bildik. Təbii ki, məlum hadisə ilə əlaqədar biz oyuna hazırlaşa bilməmişdik. Belə ağır həftədən sonra oynamaq çətin idi”. “Milan”ın fəxri prezidenti Silvio Berluskoni də qazandıqları kuboku A.Puertoya həsr etdiklərini açıqlayıb.
Qeyd edək ki, bu, “Milan”ın qazandığı 5-ci Superkubok olub. 1989, 1990, 1994 və 2003-cü illərdə də eyni uğuru əldə etmiş “Milan” Superkubokda yeni rekord müəyyənləşdirib. İtaliyalılar həm də beynəlxalq arenada 17-ci dəfə kubok qazanan ilk klub adına yiyələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR