Bank Of Baku

Məlik Həsənov: “Superkubok oyunlarının keçirilməməsinə əsas səbəb klubların vaxt məhdudiyyəti ilə üzləşməsidir”

Məlik Həsənov: “Superkubok oyunlarının keçirilməməsinə əsas səbəb klubların vaxt məhdudiyyəti ilə üzləşməsidir”
# 05 sentyabr 2007 09:16 (UTC +04:00)
“Superkubok oyunlarının keçirilməməsinin əsas səbəbi klublarımızın vaxt məhdudiyyəti ilə üzləşməsidir. Yəni, avrokuboklarda oynayan klublarımız qısa vaxt ərzində həm də superkubok matçına çıxmaq məcburiyyəti qarşısında qala bilər. Məhz bu amili nəzərə aldığımızdan, Superkubok oyunları keçirmirik. Gələcəkdə bu oyunları keçirmək fikrimiz var”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri AFFA-nın Yarışların Təşkili və Keçirilməsinin Departamentinin rəisi Məlik Həsənov deyib. M.Həsənov AFFA-nın paytaxt klubları ilə müqayisədə əyalət təmsilçilərini sıxışdırılması fikrinə etiraz edib: “Bu fikirlə razı deyiləm. Ötən çempionatın qalibi əyalət komandası “Xəzər-Lənkəran” olub. Cari mövsümdə Tovuzu təmsil edən “Turan”ın Bakıda “Neftçi”yə qalib gəlməsi, “Qəbələ”nin “Standard” və “Bakı”nı məğlub etməsi, əyalət komandalarına qarşı hər hansı təzyiqlərin mövcudluğu barədə fikirlərin əsassız olmasını sübuta yetirən faktlardır. Belə nümunələri çox sadalamaq olar”. AFFA rəsmisi klublarımızın qitə miqyaslı yarışlarda yaxşı nəticələr əldə edə bilmək üçün işlərini Avropa standartlarına uyğun şəkildə qurmalarının vacibliyini vurğulayıb: “Son vaxtlar bəzi klublarımızda bu sahədə müəyyən inkişafın olduğu nəzərə çarpır. Ancaq futbolçularımızın fiziki hazırlıq baxımından problemlərinin olması avrokuboklarda uğursuzluğun əsas səbəblərindəndir. Texniki cəhətdən futbolçular rəqiblərindən heç də geri qalmırdı, hətta müəyyən məqamlarda onları üstələyirdi. Ümumiyyətlə, püşkatma klublarımızın bəxtinə nisbətən güclü komandalar çıxarmışdı. Buna baxmayaraq, avrokuboklardakı təmsilçilərimiz böyük əzmkarlıq nümayiş etdirdilər. Hesab edirəm ki, bu inkişaf tempi ilə klublarımız yaxın gələcəkdə daha uğurlu nəticələr qazanacaqlar. Millimizin də qitənin ən güclü kollektivlərinin mübarizə apardığı Avropa çempionatının final mərhələsinin vəsiqə qazanmasını hər birimiz arzulayırıq. Lakin reallıqları da nəzərə almaq lazımdır. Əgər bu gün klublarımızın potensialı avrokuboklarda ən yaxşı halda, cəmi bir mərhələ adlamağa imkan verirsə, təbii ki, millimizin dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanması, çətin məsələdir. Klubların və millinin səviyyəsi əksər hallarda bir-biri ilə zəncirvari şəkildə bağlı olur”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR