Bank Of Baku

Şahin Diniyev: “Lazım gələrsə, Gürcüstanla oyuna 10 futbolçu ilə çıxacağıq”

Şahin Diniyev: “Lazım gələrsə, Gürcüstanla oyuna 10 futbolçu ilə çıxacağıq”
# 06 sentyabr 2007 10:15 (UTC +04:00)
“Milli komandaya belə münasibət məni çox təəssüfləndirdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığma komandanın baş məşqçisi Şahin Diniyev deyib. “Neftçi” klubunun beş futbolçusu Ramin Quliyev, Ramazan Abbasov, Samir Əliyev, Aleksandr Çertoqanov və Branimir Subaşiçin milli komandanın hazırlığına qatılmasını gözləyən Ş.Diniyev üzləşdiyi vəziyyətdən sarsıldığını bildirməklə yanaşı, “Neftçi” rəsmilərinin yığmaya qarşı tutduğu mövqeni düzgün hesab etməyib: “Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimizdən bəziləri hazırlığa bir həftə əvvəl başlayıb. Bu zaman klublar milli komandanın uğur qazanması üçün problemlər yaratmırlar. Azərbaycandakı belə münasibət isə məni sarsıdır. Təsəvvür edin, sentyabrın 8-də Ermənistanla oyunumuz olmalı idi. Azərbaycan üçün çox vacib, prinsipial əhəmiyyət kəsb edən işğalçılarla həmin görüşə hazırlıq zamanı da belə münasibət yaranacaqdı? İtaliya, İspaniya, İngiltərə kimi ölkələrdə iki-üç gündən bir oyunlar olub, futbolçular sıx qrafiklə üzləşirlər. Bu səbəbdən klublar futbolçuları nəzərdə tutulduğu vaxtda buraxırlar. Məgər indi Azərbaycan çempionatın oyunu var? Klubun hazırlığı vacibdirsə, millini də düşünmək lazımdır”. “Neftçi” klubunun beş futbolçusu ilə yanaşı, “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Emin Quliyev və Türkiyənin “Sivasspor” klubunun şərəfini qoruyan İlqar Qurbanovun yoxluğunda Ş.Diniyev Gürcüstanla oyuna 11 futbolçu ilə hazırlaşır. Amma Ceyhun Sultanovun zədə problemi olduğundan, onun da milli komandadan kənarda qalacağı mümkündür. Belə olan halda, ikisi qapıçı olmaqla, 10 futbolçu ilə qalan Ş.Diniyev start heyətini düzəldə bilmir. Baş məşqçi üzləşdiyi problemlərin öhdəsindən gəlməyə hazır olduğunu söyləyib: “Problemlər ciddi olsa da, işimi davam etdirirəm. Lazım gəlsə, Gürcüstanla oyuna 10 futbolçu ilə çıxacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR