Bank Of Baku

Ramiz Mirzəyev Mişel Platini ilə görüşüb

Ramiz Mirzəyev Mişel Platini ilə görüşüb
# 07 sentyabr 2007 08:38 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyevin İsveçrənin Nyon şəhərinə səfəri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, R.Mirzəyev səfər çərçivəsində Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mənzil-qərargahında olub. O, vitse-prezidenti olduğu UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin iclasında iştirak edib. Bu, yeni yaranmış komitənin ilk toplantısı olduğundan iclasa UEFA prezidenti Mişel Platini də qatılıb. M.Platini öz nitqində Fair Play və Sosial Məsuliyyət Komitəsinin əhəmiyyətindən və gələcəkdə görəcəyi işlərdən danışıb. Qurumun futbolda irqçilik, ayrı-seçkilik və zorakılığa qarşı mübarizə aparacağını deyən M.Platini bu işdə fanat birliklərinin də fəal iştirak edəcəyinə ümidvar olduğunu söyləyib. Sonra R.Mirzəyev də daxil olmaqla, komitə üzvləri dörd qərar qəbul ediblər: 1. UEFAnın illik gəlirinin 0,7 faizi komitənin hesabına köçürülsün; 2. Beynəlxalq Qırmızı Xaç Komitəsi 2008-ci ildə keçiriləcək Avropa çempionatının xeyriyyəçilik əməkdaşı olsun; 3. UEFA-nın Futbol və Sosial Məsuliyyət strategiyası qəbul edilsin; 4. Bir müddət öncə Yunanıstandakı yanğınlar zamanı ziyan dəymiş futbol infrastrukturlarının bərpası üçün bu ölkənin futbol federasiyasına 1 milyon İsveçrə frankı yardım edilsin. Bu qərarlar sentyabrın 26-da və 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək.
Ramiz Mirzəyev “APA-Sport” agentliyinə açıqlamasında toplantının maraqlı və işgüzar keçdiyini bildirib. AFFA prezidenti komitənin iclasından sonra UEFA prezidenti Mişel Platini ilə görüşdüyünü və ümumi məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını vurğulayıb.
Qeyd edək ki, R.Mirzəyev ötən ay Fair Play və Sosial Məsuliyyət Komitəsinin ikinci vitse-prezidenti təyin olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR