Bank Of Baku

Klaus Topmöller: “Yoldaşlıq görüşü olmasına baxmayaraq, bizi Bakıda nəticə də maraqlandırır”

Klaus Topmöller: “Yoldaşlıq görüşü olmasına baxmayaraq, bizi Bakıda nəticə də maraqlandırır”
# 11 sentyabr 2007 12:21 (UTC +04:00)
Sentyabrın 12-də Azərbaycanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Gürcüstan yığma komandası bu gün çarter reysilə Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında “APA-Sport” agentliyinin suallarını cavablandıran Gürcüstan milli komandasının baş məşqçisi Klaus Topmöller Azərbaycan ilk dəfə gəldiyini bildirib: “Bakıya ilk dəfədir gəlirəm. Azərbaycan yığmasının oyununu görməmişəm. Bununla belə, futbolunuz haqda məlumatım var. Tərəqqi yolunda olan Azərbaycan futbolu durmadan inkişaf edir. Bunu milli komandanızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsində çıxışı göstərir. Azərbaycan yığması 5 xal toplayıb. Bu, hər şeydən xəbər verir”. Sabahkı oyunda nəticənin onun üçün çox vacib olduğunu vurğulayan almaniyalı mütəxəssisin sözlərinə görə, komandası Bakıya qələbə dalınca gəlib: “Əlbəttə, bu, ilk növbədə yoldaşlıq görüşüdür. Heyətimizdə Gürcüstan klublarında çıxış edən çoxlu debütantlar var. Daxili çempionatda çıxış edən futbolçular milli komandada özlərini göstərmək şansı qazanıb. Onlar Azərbaycanla görüşdə nümayiş etdikləri oyunla millidə çıxış etməyə layiq olduqlarını mənə sübut etməlidirlər. Eyni zamanda, rəhbərlik etdiyim komanda qələbə qazanmağa qadir olduğunu nümayiş etdirməlidir. Çünki yoldaşlıq görüşü olmasına baxmayaraq, bizi Bakıda nəticə də maraqlandırır”. K.Topmöller aparıcı futbolçuların Bakıya gəlməməsinə baxmayaraq, qarşılaşmanın maraqlı keçəcəyini bildirib: “İstənilən halda, Bakıya qələbə dalınca gəlmişik. Azərbaycan yığmasının bizə qarşı hansı heyətlə oynayacağı haqda məlumatım yoxdur. Sadəcə, bu, yoldaşlıq görüşü olduğundan, bəzi futbolçulara özlərini göstərməyi şans verəcəyəm. Gənc futbolçular gələcəkdə milli komandaya düşməyə layiq olduqlarını mənə nümayiş etdirməlidirlər. Söhbət ilk növbədə İtaliya ilə görüşdən gedir. Qarşıda bizi dünya çempionları ilə oyun gözləyir. Azərbaycanla görüşdə İtaliya ilə səfər matçı üçün heyətlə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirəcəyəm. Hər halda, biz meydana yaxşı oyun göstərmək və nəticə qazanmaq üçün çıxacağıq”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR