Bank Of Baku

Vüsal Əliyev: “Daha çətin oyunlar idarə etmək istərdim”

Vüsal Əliyev: “Daha çətin oyunlar idarə etmək istərdim”
# 14 sentyabr 2007 08:21 (UTC +04:00)
“Çexiyanın Lixtenşteyn üzərində 8:0 hesabı ilə qələbə qazandığı oyun maraqlı keçdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Çexiya və Lixtenşteynin olimpiya yığma komandaları arasında görüşü idarə edən FİFA hakimi Vüsal Əliyev deyib. 37 yaşlı hakimin sözlərinə görə, oyunun gedişi hesabın belə olacağını deməyə əsas verməyib: “Çexiya rəqibindən səviyyəcə üstün idi. Hesabın 8:0 olması o demək deyil ki, oyun bir qapıya gedib. Lixtenşteyn də hücumlar edirdi. Hətta qol vurmaq üçün bir neçə imkanı oldu. Qonaqlar qol vursaydı, belə böyük hesablı nəticə qeydə alınmayacaqdı. Oyunda 5 sarı vərəqə göstərdim. Bunlardan üçü meydan sahiblərinə, ikisi qonaqların payına düşdü”. V.Əliyev belə oyunu idarə etməyin heç də asan olmadığını qeyd edib: “Yağış yağdıqdan sonra meydanın sürüşkən olması bizə əlavə çətinlik yaradırdı. Təsadüfi deyil ki, matçın hakim-inspektoru təyin edilən isveçli Bo Yakobsson UEFA-ya təqdim edəcəyi raportda idarəçiliyimizin hansı şəraitdə olduğunu qeyd edəcək. Bizimlə söhbətdə Yakobsson idarəçiliklə yanaşı, ingilis dilində danışığımızdan da razı qaldığını bildirdi. Əlbəttə, daha məsul, çətin oyunları idarə etmək istərdik”.
Qeyd edək ki, V.Əliyevə Çexiya Lixtenşteyn oyununu idarə etməkdə FİFA hakimləri Azad Q.Hüseynov, Aydın Ələkbərov və Fariz Yusifov yardımçı olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR