Bank Of Baku

Gəncənin veteran futbolçuları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edəcəklər

Gəncənin veteran futbolçuları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edəcəklər
# 18 sentyabr 2007 11:58 (UTC +04:00)
Gəncənin “Kəpəz” klubunun bir qrup veteran futbolçusu ölkə başçısı İlham Əliyevə müraciət edəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Mehman Allahverdiyev məlumat verib. M.Allahverdiyevin sözlərinə görə, 3 dəfə Azərbaycan çempionu və 4 dəfə ölkə kubokunun sahibi, hələ SSRİ dönəmində respublika çempionatlarında 1 gümüş, 1 bürünc medal qazanmış Azərbaycanın ikinci sənaye şəhərinin komandasına heç kim sahib çıxmaq istəmir: “Çox maraqlıdır ki, əksər şəhərlərimiz, hətta kiçik rayonlarımızın belə, futbol komandası mövcuddur. Amma “Kəpəz”ə sponsorluq etməyə hər hansı şirkət və ya imkanlı iş adamı tapılmır. Şəhər rəhbərliyi ötən çempionatda problemin həll olunacağını bildirsə də, bu yöndə heç bir irəliləyiş yoxdur. Gəncə kimi inkişaf edən, futbol ənənələrinə malik bir şəhərin klubuna dəstək verənlərin olmaması məyusedici faktdır”. M.Allahverdiyev bildirib ki, şəhər ictimaiyyəti, bütün futbolsevərlər, həmçinin bir vaxtlar öz ustalıqları və bacarıqları ilə Azərbaycan futbolunda iz buraxmış veteran futbolçuların imzalayacaqları müraciətdə ölkə prezidentindən Gəncənin peşəkar futbol klubunun dirçəlməsinə yardım etməsi xahiş olunacaq. Klubun vitse-prezidenti müraciətlərinə müsbət cavab veriləcəyinə inam ifadə edib: “Bu gün ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəzərəçarpacaq dərəcədədir. Digər sahələr kimi, futbolun da inkişafı göz qabağındadır. İnanırıq ki, müraciətimizdən sonra ölkə başçısı itib-batmaqda olan Gəncə futbolunun bərpa və inkişafına kömək göstərəcək”. İ.Əliyevə müraciət edəcək veteran futbolçular Mehman Allahverdiyev, Novruz Əzimov, Asim Yolçuyev, Müzəffər Qasımov, Nizami Salahov, Mübariz Hüseynov, Fizuli Allahverdiyev, Nürəddin Əliyev, Tahir Mirzəyev və Tofiq Əliyev olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR