Bank Of Baku

Vaqif Qasımov: “Xodukin bizi söyməlidir, biz də susub ona “sağ ol” deməliyik?”

Vaqif Qasımov: “Xodukin bizi söyməlidir, biz də susub ona “sağ ol” deməliyik?”
# 24 sentyabr 2007 12:07 (UTC +04:00)
“Olimpik” klubundan çıxarılmağım mənim üçün çox gözlənilməz oldu. Klub prezidenti Rəsul Rəsulovu çoxdan tanıyıram. O, mənə işdən çıxarılmağımı telefonla xəbər verdi. Dedi ki, komandaya yuxarı dairələrdən himayədarlıq edənlər belə göstəriş verib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Olimpik” klubunun vitse-prezidenti vəzifəsindən kənarlaşdırılan Vaqif Qasımov deyib. V.Qasımovun sözlərinə görə, V turda “İnter”lə keçirilən görüşdən sonra rəqib komandanın baş məşqçisi Valentin Xodukinin dediklərinə cavab verməsi onunla bağlı çıxarılan qərara təsirini göstərib: “Xodukin mətbuat işçiləri qarşısında klubumuzun ünvanına xoşagəlməz ifadələr işlədib. Mən də onun cavabını verdim. Məsələdən klub prezidentləri xəbər tutanda, vəziyyəti Rəsul Rəsulova izah etdim. Komandamızın digər vitse-prezidenti Elşad Babayevlə birgə “İnter”in prezidenti Georgi Nikolovla görüşə getdik. Xodukinin dedikləri yazılan kaseti onun yanına aparmışdıq. Nikolov baş məşqçinin komandamızla bağlı dediklərinə qulaq asdıqdan sonra bizdən üzr istədi. Görünür, məsələdən daha yuxarı səviyyədə xəbər tutublar və birinin də üstünə beşinin qoyulması nəticəsində haqqımda belə qərar çıxarılıb”. V.Xodukinə cavab verdiyi üçün peşman olmadığını vurğulayan V.Qasımovun sözlərinə görə, R.Rəsulovla görüşüb məsələyə aydınlıq gətirmək fikrində deyil. O, hələ yığma komandada rəis işlədiyi vaxtdan Əsgər Abdullayevlə münasibətlərinin soyuq olmasına da münasibət bildirib: “Abdullayevi baş məşqçi postuna gətirmək mənim təşəbbüsüm olub. Xodukinin dedikləri də elə birbaşa Abdullayevin ünvanına idi. Mən də onu müdafiə etdim. Rəhbər şəxsi kimi, Xodukinə cavab verməyi özümə borc bildim. Gəlib başımızda oturublar, hələ bizi söyürlər. Cavab verməməliyik? Xodukin bizi söyməlidir, biz də susub ona “sağ ol” deməliyik? Bəs kişiliyimiz harada qaldı? Təmsil olunduğun klubun ünvanına söylənilən təhqiramiz ifadələr qarşısında susmaq kişilikdən deyil. Bəlkə də Xodukinə verdiyim cavab başqa cur qələmə verilib? Artıq klubun ofisinə gedib, əşyalarımı götürmüşəm. Rəsul müəllimlə görüşmək fikrim yoxdur. İşimi itirməklə, faciə baş vermədi ki? Hər halda, bir iş tapıb, acından ölmərik”.
Qeyd edək ki, V.Qasımov ötən ilin əvvəlində R.Rəsulov kluba prezident təyin ediləndən sonra onun dəvəti ilə vitse-prezident postunda çalışıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR