Bank Of Baku

FİFA “Xəzər-Lənkəran” və Valeri Abramidze arasında yaranan qalmaqalla bağlı qərar çıxarıb

FİFA “Xəzər-Lənkəran” və Valeri Abramidze arasında yaranan qalmaqalla bağlı qərar çıxarıb
# 24 sentyabr 2007 14:40 (UTC +04:00)
Azərbaycan çempionu “Xəzər-Lənkəran”la gürcüstanlı müdafiəçi Valeri Abramidze arasında yaranan qalmaqalı araşdıran Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qərarını açıqlayıb. FİFA V.Abramidzenin istədiyi klubda sifariş olunub, çıxış etməsinə icazə verib. Bununla bağlı “APA-Sport” agentliyinə açıqlama verən “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov qərarın futbolçunun xeyrinə qəbul olunması fikri ilə razılaşmadığını bildirib: “FİFA Valerinin müvəqqəti oynamasına icazə verib. Belə ki, onun xeyli vaxtdır futboldan kənarda qaldığı və məsələnin araşdırılmasının davam edəcəyi nəzərə alınaraq, oynamasına imkan yaradılıb. Abramidzenin məsələsi ilə indiyədək qadın hakim məşğul olurdu. Bu xanım hakim FİFA-nın üzvüdür. İndi isə gürcüstanlı müdafiəçinin məsələsi komitə səviyyəsində baxılacaq. FİFA-nın bu departamenti oyunçuların statusu, belə mübahisəli məsələlərlə məşğul olur. Ali futbol qurumu araşdırmalara nə vaxt başlayacağını, nə vaxt son qərar çıxaracağını göstərməyib”. T.Nadirovun sözlərinə görə, FİFA məsələni araşdırıb “Xəzər-Lənkəran”ın xeyrinə qərar çıxaracağı anda, V.Abramidzenin oynamağına xitam veriləcək: “FİFA-nın məsələni araşdırıb, xeyrimizə qərar çıxaracağını düşünürük. Çünki qanun bizim tərəfimizdədir. Əlimizdə olan sənədlərdə futbolçunun iki illik müqaviləyə imza atması göstərilib. Müqavilələrin nüsxəsi klubumuzla yanaşı, futbolçuda və AFFA-da da var. Təbii ki, iki illik müqaviləyə görə Abramidzeyə müəyyən məbləğ ödəmişik. Məbləği konkret açıqlaya bilmərəm. Transferə çıxardığımız Valeriyə görə ödədiyimiz məbləğin qaytarılmasını istəyirik. Bu reallaşarsa, futbolçuya azad transfer hüququ verəcəyik”. V.Abramidze dörd aydır birgə hazırlıq keçdiyi və ilkin razılığa gəldiyi Rusiyanın “Anji” klubunda bir müddət çıxış edəcək. Mahaçqalanı təmsil edən “Anji” Rusiya çempionatının birinci dəstəsində mübarizə aparır. “Anji” V.Abramidzeni müqavilə ilə “Xəzər-Lənkəran”a məxsus olduğu üçün indiyədək sifariş edə bilməyib. FİFA qaydalarına görə, “transfer pəncərəsi” avqustun 31-də bağlansa da, V.Abramidze ilə bağlı güzəşt “Anji”nin futbolçunu sifariş etməsinə imkan yaradır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR