Bank Of Baku

Ramiz Mirzəyev: “Ruben Ayrapetyan həqiqətə uyğun olmayan açıqlamalar verib”

Ramiz Mirzəyev: “Ruben Ayrapetyan həqiqətə uyğun olmayan açıqlamalar verib”
# 28 sentyabr 2007 16:38 (UTC +04:00)
“Hazırda Bakıda - ev şəraitində müalicə olunuram. Ancaq müalicə aldığım müddətdə müayinə olunmaq üçün üç dəfə Ankara şəhərinə gedəcəyəm. Yeri gəlmişkən, akademik Əhliman Əmiraslanova, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Fəxrəddin Cavadov başda olmaqla, xəstəxananın bütün kollektivinə, Mərkəzi Klinik Xəstəxananın kollektivinə, Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoya və federasiyanın bütün rəhbərliyinə, baş həkimi Mehmet Binnətə, məni müalicə edən professor Sadıq bəyə və professor Səlim bəyə dərin minnətdarlığımı bildirirəm. Əslində, Ankaraya müayinə üçün gedərkən Türkiyə Futbol Federasiyasına bu barədə heç bir məlumat verməmişdim. Lakin federasiyanın prezidenti Haluk Ulusoy bu barədə xəbər tutan kimi özü və rəhbərlik etdiyi federasiyanın rəsmiləri İstanbuldan Ankaraya gəldilər. Federasiyanın baş həkimi Mehmet Binnət Macarıstan səfərindən dönən kimi birbaşa Ankaraya gəldi və mənim səhhətimlə maraqlandı. Göstərdikləri yüksək səviyyəli diqqət və qayğıya görə onların hər birinə təşəkkürümü bildirirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri AFFA prezidenti Ramiz Mirzəyev deyib. R.Mirzəyev AFFA-nın inzibati binasının açılış mərasiminin hazırlıq işlərinə də toxunub: “Assosiasiyanın qarşısında həlli vacib olan bir çox məsələlər var. Dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın bütün müddəalarının yerinə yetirilməsi, ölkədə futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və sair məsələlərin həlli istiqamətində AFFA tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Assosiasiyanın inzibati binasının təntənəli açılış mərasiminə hazırlığa gəlincə, oktyabrın 16-da axşam saatlarında FİFA prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platininin Azərbaycana səfəri gözlənilir. Oktyabrın 18-dək Bakıda olacaq Y.Blatter və M.Platini AFFA-nın fəaliyyəti, FİFA-nın “QOL”, eləcə də UEFA-nın “Het-Trik” proqramlarının həyata keçirilməsinin səviyyəsi ilə tanış olacaqlar. FİFA və UEFA prezidentləri AFFA-nın inzibati binasının açılış mərasimində də iştirak edəcəklər. Qeyd etdiyim məsələlərlə bağlı AFFA-da tədbirlər planı hazırlanıb. Çalışacağam ki, fəxri qonaqların qarşılanma mərasimində, o cümlədən keçiriləcək bütün tədbirlərdə iştirak edim”. R.Mirzəyev, həmçinin Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın bugünlərdə Ermənistan mətbuatına verdiyi müsahibəsinə də münasibət bildirib: “Azərbaycanın və Ermənistanın futbol komandaları arasında son illər ərzində müxtəlif səviyyəli yarışlarda oyunlar keçirilib. “Neftçi” klubu, 17 və 19 yaşlı futbolçulardan ibarət yığmalarımız Ermənistan təmsilçiləri ilə qarşılaşıblar. Bir neçə gündən sonra 19 yaşlı qızlardan ibarət yığma komandalarımız Ukraynada üz-üzə gələcəklər. Futzal üzrə millimizin də dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən biri Ermənistan yığmasıdır. Bunları sadalamaqda məqsədim odur ki, millimizin Ermənistan yığması ilə qarşılaşmamağı üçün bizim tərəfimizdən heç bir tədbir görülməyib. Bu oyunların keçirilməməsi ilə bağlı UEFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərara isə hörmətlə yanaşmalıyıq. Təəssüf ki, Ermənistan Futbol Federasiyasının rəhbəri həqiqətə uyğun olmayan belə açıqlamalar verib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR