Bank Of Baku

Şahin Diniyev: “Əgər futbolçu oyunun 60-cı dəqiqəsindən sonra meydanda gəzişirsə, onun fiziki hazırlığı barədə necə xoş söz demək olar?”

Şahin Diniyev: “Əgər futbolçu oyunun 60-cı dəqiqəsindən sonra meydanda gəzişirsə, onun fiziki hazırlığı barədə necə xoş söz demək olar?”
# 03 oktyabr 2007 13:32 (UTC +04:00)
“Deyərdim ki, millini qarşıda, sadəcə, iki oyun yox, iki çətin sınaq gözləyir. Həm Portuqaliya, həm də Serbiya yığmasının Avropa çempionatının final mərhələsinə yüksəlmək şansları var. Təbii ki, hər iki komanda Bakıdakı oyundan maksimum nəticə ilə ayrılmaq istəyəcək. Çalışacağıq ki, rəqiblərimizlə başabaş mübarizə aparaq və məzmunlu oyun nümayiş etdirək. Doğrudur, rəqiblərimizin heyətindəki futbolçuların səviyyəsi çox yüksək olsa da, yaxşı nəticə göstərəcəyimizə böyük ümidlərimiz var”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev milli üzvlərinin fiziki hazırlığından narahat olduğunu söyləyib: “İlk növbədə futbolçuların fiziki hazırlığı ilə bağlı narahatçılığımı qeyd etmək istəyirəm. Millinin üzvlərinin vitaminizasiya prosesinə başlamışıq və yəqin ki, bu, qarşıdakı oyunlarda futbolçuların fiziki hazırlığının daha yüksək səviyyədə olmasına öz təsirini göstərəcək. Mən klubların işinə qarışmaq fikrində deyiləm. Sadəcə, millinin düşərgəsinə gələn futbolçuların çatışmayan cəhətlərini açıqlamağa borcluyam. Əgər futbolçu oyunun 60-cı dəqiqəsindən sonra meydanda gəzişirsə, onun fiziki hazırlığı barədə necə xoş söz demək olar? Futbolçularımızın hazırkı fiziki hazırlığı ölkə çempionatı üçün bəlkə də yetərlidir. Amma beynəlxalq oyunlarda çatışmazlıqlar özünü qabarıq şəkildə büruzə verir”. Baş məşqçi Portuqaliya və Serbiya ilə Bakıdakı görüşlərdə uğurlu nəticənin erkən qol vurmağından çox asılı olacağını qeyd edib: “Oyunun gedişindən çox şey asılı olacaq. Sözsüz ki, həm Portuqaliya, həm də Serbiya yığmaları səhv etməməyə və hər kiçik elementə böyük məsuliyyətlə yanaşmağa çalışacaq. Biz soyuqqanlı davranıb oyunun əvvəlini istədiyimiz kimi keçirə bilsək, qənaətbəxş nəticə də əldə edə bilərik. Erkən qol vuracağımız təqdirdə isə hadisələrin axarını istədiyimiz məcraya yönəltmək şansı qazanacağıq. Çünki belə vəziyyətdə bütün taktiki sxemlər arxa plana keçir və üç xalı qazanmaq məcburiyyəti qarşısında olan istənilən komanda bütün diqqətini hücuma yönəldir. Ümumiyyətlə, hücuma, yaxud müdafiəyə meylli oyun ifadəsi ilə heç vaxt razılaşmamışam. Əsas məsələ komandanın müdafiədən hücuma və ya əksinə, hücumdan müdafiəyə nə dərəcədə sürətli keçməsidir. Etiraf etməliyik ki, biz hələ öz oyunumuzu rəqibə diqtə edəcək səviyyədə deyilik. Yoldaşlıq görüşləri məhz buna görə əhəmiyyətlidir ki, komandanın üstün və çatışmayan cəhətlərini aşkarlamaq mümkün olur. Məsələn, Tacikistan yığması ilə oyunda müdafiəmizin sol cinahındakı problemlər nəzərdən qaçmadı. Amma hər iki oyunda hücum xəttinin məhsuldarlığı qeyd edilməsi vacib olan müsbət məqamlardandır. Çempionat oyunlarını izləyərkən, milli üzvləri ilə bağlı böyük sevinc və eyni dərəcədə də kədər hissi keçirmədim. O mənada ki, milliyə çox böyük fayda verə biləcək hansısa yeni futbolçuya rast gəlmədim. Kədərlənməyə ona görə əsas yoxdur ki, yığmaya çağırılan futbolçuların heç birinin oyununda böyük eniş hiss etmədim”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR