Bank Of Baku

Azərbaycan yığması Finlandiya ilə heç-heçə oynayıb

Azərbaycan yığması Finlandiya ilə heç-heçə oynayıb
# 04 oktyabr 2007 08:47 (UTC +04:00)
Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət milli komandası (U-17) Avropa çempionatının seçmə qrup mərhələsində ardıcıl ikinci oyununda heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, 9-cu qrupda yer alan yığmamız Finlandiya ilə görüşdə də bir xalla kifayətlənib. Bosniya və Herseqovinanın Kresevo şəhərinin eyniadlı stadionunda baş tutan matçın əvvəlləri Yaşar Vahabzadənin yetirmələri üçün uğursuz olub. Birinci hissənin ortalarında finlandiyalılar hesabı açıblar. U-17-nin üzvləri fasilədən sonra toparlanaraq, oyunun gedişini dəyişə biliblər. 67-ci dəqiqədə Kamil Nurəhmədov tarazlığı bərpa edib. Pərviz Bayramovun 71-ci dəqiqədə vurduğu qol sayəsində isə milli komandamız hesabda önə keçib. Lakin yeniyetmə futbolçularımız qələbə hesabını qorumağı bacarmayıblar. Hakimin final fitinə bir neçə dəqiqə qalmış U-17-nin hücumçusu Orxan Həsənov qırmızı vərəqə aldığına görə meydandan qovulub. Rəqib komanda say üstünlüyündən məharətlə yararlanıb. Finlandiyalıların qarşılaşmada təşkil etdikləri ən sonuncu hücum zamanı futbolçularımız avtoqola imza atıblar. Beləliklə, oyun 2:2 hesabı ilə nəticələnib. Qrupda keçirilən digər matçda Rusiya Bosniya və Herseqovinanın qapısına 2 cavabsız top vurub. İki turdan sonra Rusiya 4 xalla birinci pillədə qərarlaşıb. Liderdən bir xal geri qalan Bosniya və Herseqovina ikinci yeri tutub. Yığmamız 2 xalla 3-cü sıradadır. U-17 son oyununu oktyabrın 6-da meydan sahiblərinə qarşı keçirəcək. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün Yaşar Vahabzadənin komandası mütləq qələbə qazanmalıdır.
Qeyd edək ki, milli komandamız qrup mərhələsində ilk görüşündə də Rusiya ilə heç-heçə oynamışdı (1:1). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR