Bank Of Baku

UEFA Rəşad Kərimovun Azərbaycan yığmasında çıxış etməsinə icazə verməyib

UEFA Rəşad Kərimovun Azərbaycan yığmasında çıxış etməsinə icazə verməyib
# 04 oktyabr 2007 15:24 (UTC +04:00)
UEFA “Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rəşad Kərimovun Azərbaycan yığmasının heyətində Portuqaliya və Serbiya ilə Bakıda keçiriləcək görüşlərdə çıxış etməsinə icazə verməyib. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, qitə futbol qurumu R.Kərimovun təvəllüdü ilə bağlı problem yarandığı üçün adını Azərbaycan milli komandasının ilkin açıqlanan siyahısından çıxarıb: “Rəşadın təvəllüdü ilə bağlı anlaşılmazlıq yaranmışdı. AFFA-ya təqdim olunan ərizədə futbolçunun 1984-cü ildə anadan olması göstərilib. Biz də bunu əsas götürərək, UEFA-ya göndərdiyimiz iştirak ərizəsində Kərimovun 1984-cü il təvəllüdlü olmasını göstərmişdik. Qitə futbol qurumu isə cavabında Rəşadın 1986-cı ildə anadan olmasını qeyd edib. Bundan sonra futbolçunun özü ilə əlaqə saxladıq. O, 1986-cı ildə dünyaya gəlməsini təsdiqlədi”. B.Əsgərov bu problemin “Xəzər-Lənkəran”la bağlı olduğunu qeyd edib: “Bizdə günah yoxdur. “Xəzər-Lənkəran” cari mövsüm üçün AFFA-ya təqdim etdiyi iştirak ərizəsində Rəşadın təvəllüdünü səhv göstərib. Buna görə, klubun vitse-prezidenti Tuyqun Nadirov yazılı şəkildə məlumat verib üzrxahlıq etdi”. Artıq məsələ ilə bağlı UEFA-ya məlumat verildiyini vurğulayan B.Əsgərov gələcəkdə analoji halın yaranmayacağını söyləyib. Bununla belə, departament rəisi R.Kərimovun qarşıdakı oyunlarında iştirakının qeyri-mümkünlüyünü bildirib: “Rəşad 1984-cü il təvəllüdlü olduğundan olimpiya yığmasına çağırmırdıq. Çünki bu milli komandada 1986-cı il və ondan aşağı təvəllüdlülərin çıxışına icazə verilir. Kərimovun 1986-cı il təvəllüdlü olduğunu bilsəydik, dərhal olimpiya yığmasına cəlb edərdik. Onsuz da bu komandada seçim imkanı azdır, oyunçu sarıdan problem var. Rəşad isə hazır futbolçudur”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR