Bank Of Baku

Yaşar Vahabzadə: “Yenə də yığma komandada çalışmaq istəyirəm”

Yaşar Vahabzadə: “Yenə də yığma komandada çalışmaq istəyirəm”
# 09 oktyabr 2007 13:41 (UTC +04:00)
“Avropa çempionatının ikinci seçmə qrup mərhələsinə yüksəlmək şansımız var idi. Lakin futbolçuların diqqətsizliyinə, arxayınçılığına və mübarizə əzminin aşağı olmasına görə qrupda qaldıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadə deyib. Y.Vahabzadə milli komandanın oktyabrın 1-dən 6-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş qitə birinciliyinin seçmə matçlarında uğursuz çıxışında futbolçuları günahlandırıb: “Məsələni əvvəlki iki oyunda həll edə bilərdik. Həm Rusiya, həm də Finlandiya ilə qarşılaşmalarda hesabda önə çıxsaq da, qələbəni əldən verdik. Yetirmələrim elə səhvlər buraxırdılar ki... Təsəvvür edirsiniz, Finlandiya ilə görüşdə qələbəni oyunun başa çatmasına 10 saniyə qalmış əldən verdik. Özü də İnternetdə həmin qolu finlandiyalıların vurduğu göstərilir. Əslində, öz futbolçumuz avtoqola imza atdı. Müdafiəçimiz təhlükəni uzaqlaşdırmaq istəyərkən, top qapıçının əlinə dəyərək, tora daxil oldu”. Y.Vahabzadə bildirib ki, meydan sahiblərinə qarşı matçda güclü yağış futbolçularımızın oyununa mənfi təsir göstərib: “Bosniya və Herseqovina birinci hissədə hesabı açdı. Güclü leysan yağdığı üçün meydança sürüşkən idi. Ev sahibləri ikinci hissənin 40 dəqiqəsini ancaq müdafiə olundular. Bizimkilər isə hesabda geri olduğumuzdan tələsirdilər, qol vəziyyətlərindən yararlana bilmirdilər. Meydançanın sürüşkənliyi də işimizə əngəl törədirdi. Bu səbəblərdən son turda məğlub olduq”. Baş məşqçi 2006-cı ildə Avropa çempionatının ilkin seçmə qrup mərhələsində uğurla yarışan U-17-in zəifləməsi fikri ilə razılaşmayıb: “Ötən il doğma divarlar arasında ikinci tura yüksəlmişdik. Bu dəfə isə özgə meydanda mübarizə aparırdıq. Həm də Sarayevoda optimal heyətlə çıxış edə bilmədik. Aparıcı oyunçularımızdan sayılan Amit Quluzadəni zədəli olduğundan səfərə aparmamışdıq. Birinci turda Şəhriyar Xəlilov zədələndi. Axırıncı matçda isə hücumçu Orxan Həsənov komandamıza kömək edə bilmədi. Bütün bunlar istər-istəməz oyunumuza təsir göstərdi, bizi taktikanı dəyişməyə məcbur etdi”. Oktyabrın sonlarında yığma ilə müqaviləsi qurtaracaq Y.Vahabzadə U-17-dəki işini davam etdirmək marağını gizlətməyib: “Təbii ki, milli komanda ilə müqaviləni uzadıb-uzatmayacağım AFFA rəhbərliyindən asılıdır. Əgər mənə qalmaq təklif olunarsa, razılaşacağam. Çünki yenə yığmada çalışmaq istəyirəm”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Rusiya (1:1), Finlandiya (2:2), eləcə də Bosniya və Herseqovina (0:1) ilə qarşılaşan U-17 2 xalla 9-cu qrupda 3-cü yeri tutub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR