Bank Of Baku

Ələddin Ağai: “Ermənistanla oyunlarının baş tutmamasında AFFA-nın heç bir günahı və ya rolu yoxdur”

Ələddin Ağai: “Ermənistanla oyunlarının baş tutmamasında AFFA-nın heç bir günahı və ya rolu yoxdur”
# 10 oktyabr 2007 12:52 (UTC +04:00)
“Azərbaycan və Ermənistan yığmalarının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyunlarının baş tutmamağında AFFA-nın heç bir günahı və ya rolu yoxdur. Bu barədə qərarı UEFA İcraiyyə Komitəsi çıxarıb. Avropanın ali futbol qurumunun bütün qərarlarına hörmətlə yanaşmaq borcumuzdur. Həm klub, həm də yığma komandalarımız son illər ərzində dəfələrlə Ermənistan təmsilçiləri ilə qarşılaşıb və bu oyunların heç birində məğlubiyyətə uğramamışıq. Hesab edirəm ki, əsas millilərin qarşılaşmalarında da güclü tərəf biz olacaqdıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri AFFA baş katibinin müavini Ələddin Ağai deyib. Ə.Ağai Azərbaycan yığmasının şərəfini qoruyan futbolçularda milli ruhun olduğunu söyləyib: “Futbolçularda milli ruhun olmamağı ilə əlaqədar fikirlərlə qətiyyən razı deyiləm. Millinin hər bir üzvü milli dəyərlərimizə böyük hörmətlə yanaşır və üzərlərinə düşən məsuliyyəti tam mənası ilə dərk edir”. Ə.Ağai baş katib postunda onu əvəzləyən Elxan Məmmədovun işindən razı qaldığını qeyd edib: “Mənə elə gəlir ki, Elxan Məmmədov işinin öhdəsindən yaxşı gəlir. Buna əmin olmaq üçün AFFA-nın son dövrlərdəki fəaliyyətinə bir qədər diqqətlə nəzər salmaq kifayət edər. Azərbaycan futbolunun inkişafı üçün AFFA səylərini əsirgəmir və qarşıya qoyulan bütün məqsədlərə çatmağa çalışır. Ötən dövr ərzində Dövlət Proqramının müddəalarının yerinə yetirilməsi üçün AFFA bütün səylərini səfərbər edib və gələcəkdə də bu istiqamətdə işlərin ən yüksək səviyyədə öz həllini tapmasına çalışacağıq. Bu gün Azərbaycan futbolu inkişafdadır və get-gedə bu irəliləyiş yüksələn xətt üzrə davam edəcək”. AFFA baş katibini müavini uşaq futbolunun inkişafında klubların fəaliyyətsizliyinə də münasibət bildirib: “Uşaq futbolunu inkişaf etdirmədən ölkədə futbolun ümumilikdə tərəqqisinə nail olmaq mümkünsüzdür. Təəssüf ki, bəzi klublarımız bu istiqamətdə lazımi qədər fəaliyyət göstərmirlər. Uşaq futbolunun kompleks şəkildə inkişafına nail olmaq üçün internat tipli uşaq futbol məktəbləri inşa olunmalıdır. Maliyyə vəziyyəti imkan verərsə, gələcəkdə AFFA tərəfindən belə bir məktəbin tikilməsi nəzərdə tutulub”. AFFA-nın baş katibinin müavini oyunlara pul qoyuluşlarının qanuniləşdirilməsinin vacibliyini vurğulayıb: “Dünyanın bir çox ölkələrində oyunlara pul qoyuluşu dövlətin nəzarəti altında, qanun çərçivəsində aparılır. Azərbaycanda da bəzi bukmeker kontorları fəaliyyət göstərir. Lakin onların fəaliyyəti qeyri-qanunidir. AFFA müvafiq dövlət strukturları ilə pul qoyuluşlarının leqallaşdırılması ilə bağlı müzakirələr aparır. Hesab edirik ki, bu məsələ öz müsbət həllini tapacağı təqdirdə həm dövlət büdcəsi gəlir götürə bilər, həm də AFFA-nın maliyyə vəziyyəti indiki ilə müqayisədə daha yaxşı olar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR