Bank Of Baku

Samir Əliyev: “Portuqaliyanın son üç oyunda heç-heçə etməsi, bizim üçün yaxşı hal deyil”

Samir Əliyev: “Portuqaliyanın son üç oyunda heç-heçə etməsi, bizim üçün yaxşı hal deyil”
# 11 oktyabr 2007 15:44 (UTC +04:00)
“Portuqaliyaya qarşı oynamaq istəyim böyükdür. Hətta iynə, dərman hesabına meydana çıxıb, bu oyunda milli komandaya kömək etməyə hazıram”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının hücumçusu Samir Əliyev deyib. Milli komandaya zədəli gəldiyi üçün hazırlıqdan kənardan qalan S.Əliyev “Neftçi” klubunun heyətində “Şahdağ”la görüşdə ciddi xəsarət aldığını söyləyib: “Həmin oyunda qasıq nahiyəmdən zədə aldım. Nəticədə məşqlərdən kənarda qaldım və “Olimpik”lə görüşə iynə vurub çıxdım. Bundan sonra vəziyyətim daha da pisləşdi və bir neçə gün ağrılardan yata bilmədim. Sağ olsun millinin həkimləri, əllərindən gələni edirlər. İndiyə kimi fərdi məşq edirəm və artıq komandanın hazırlığına da qatılmaq istəyirəm”. Portuqaliya ilə ötən il səfərdə keçirilən görüşdə iştirak etməyən S.Əliyev bu dəfə oynamağı çox arzuladığını bildirib: “Portuqaliya ilə oyunda iştirak edəcəyimi bilmirəm. Oyuna iki gün qalıb. Zədəmin tez sağalmasına çalışacağam. Portuqaliya Avropanın ən güclü yığmaların biridir. Belə bir milli komandaya, Kriştiano Ronaldo, Deku kimi futbolçulara qarşı oynamaq böyük şərəfdir və bu, hər insana nəsib olmur. Hətta meydana iynə vurub çıxmağa hazıram. Ancaq Şahin Diniyev sağlıq durumuma görə buna razılıq vermir. Çünki zədə sağalmamış iynənin hesabına ardıcıl meydana çıxmaq əzələnin qırılmasına və 2-3 ay oynaya bilməməyinə gətirib çıxara bilər. Qismət olsa, Portuqaliya ilə oyunda meydana çıxaram”. 28 yaşlı hücumçu Portuqaliya ilə görüşdə iştirak etməyəcəyi halda, yoxluğunu ciddi itki saymır: “Əvəzedilməz futbolçu yoxdur. İndiyədək milli komanda yoxluğumda çoxlu oyun keçirib və qələbə də qazanıb. Əvəzimə meydana çıxan futbolçu layiqli oyun nümayiş etdirməyə çalışacaq. Portuqaliyanın son üç oyunda heç-heçə etməsi bizim üçün yaxşı hal deyil. Çünki portuqaliyalılar çoxlu xal itirdiklərinə görə, Bakıda qələbə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlar. Hər halda, milli komandamızda Portuqaliya ilə görüşə böyük motivasiya var və məsuliyyəti başa düşən futbolçular nəticə qazanmaq üçün oyuna xüsusi əzmlə çıxacaqlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR