Bank Of Baku

Vlastimil Petrjela: “Azərbaycan yığmasının böyük hesabla uduzacağını hələ iki həftə əvvəl demişdim”

Vlastimil Petrjela: “Azərbaycan yığmasının böyük hesabla uduzacağını hələ iki həftə əvvəl demişdim”
# 18 oktyabr 2007 14:45 (UTC +04:00)
“Azərbaycan yığmasının Serbiyaya 1:6 hesablı məğlubiyyəti mənim üçün gözlənilməz olmadı. Açığı, komandanızı darmadağın gözlədiyini hələ iki həftə əvvəl demişdim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Serbiya ilə görüşdə Azərbaycan millisinin çox zəif təsir bağışladığını qeyd edən çexiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan yığması müasir futbolun tələblərinə uyğun oyun nümayiş etdirmir: “Mən sözün düzünü deməyi sevən insanam. Nə düşünürəmsə, onu da dilə gətirirəm. Azərbaycan yığmasının üç oyununu izləmişəm və müasir futbolun tələblərinə uyğun oyun nümayiş etdirmədiyini şahidi olmuşam. Futbolçular çox qaçmadan oynamaq istəyirlər. Çoxlu yersiz ötürmələr edirlər və bu, xətalara, top itkilərinə səbəb olur. Nəticədə topu ələ keçirən rəqib təhlükəli hücumlar qurur. Halbuki, sürətli oyuna, öz meydanından rəqibinin cərimə meydanına tez keçmək, uzun ötürmələrə üstünlük vermək lazımdır. Necə ki, serbiyalılar bunu nümayiş etdirdilər. Azərbaycan Serbiya görüşü dediklərimi təsdiqlədi. Mən Azərbaycan yığmasının oyununu görüb, Portuqaliya və Serbiya yığmalarının səviyyəsini bilərək, proqnozumuzu vermişdim. Sonda proqnozum reallıqda əksini tapdı”. V.Petrjela problemin təkcə milli komandada olmadığını deyib: “Bu problem klublarda da var. Hazırda işlədiyim “Neftçi”də belə çətinliklərlə üzləşirəm. Futbolçuların futbol təsəvvürü, mentaliteti belədir və onu dəyişmək lazımdır. Mən də bu yöndə çalışıram. Baş məşqçinin meydanda verdiyi tapşırıqları yerinə yetirmək üçün futbolçularda fiziki hazırlıq yüksək olmalıdır. Necə ki, Serbiya bu komponentə görə Azərbaycandan aşkar fərqlənirdi. Azərbaycanlı futbolçuların fiziki baxımdan hazırlıqları lazımi səviyyədə deyil. Üstəlik, oyundan sonra bərpa prosesləri vaxt apardığından, əlavə çətinliklər ortaya çıxır”. V.Petrjela “Neftçi”nin yığma komandadakı oyunçularından Serbiyaya vurulan yeganə qolun müəllifi Samir Əliyevi fərqləndirib: “Deməzdim ki, “Neftçi”nin futbolçuları çox zəif idilər. Sadəcə, onlar meydanda gözümə dəymirdi, nəzərimə çarpmırdı. Yalnız Samir Əliyevi qeyd edə bilərəm. Meydanda çox çalışan bu futbolçu müasir futbolun tələblərinə uyğun, sürətli oynamağa çalışır. Daha çox hərəkətli olan Samirin oyunu xoşuma gəlir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR