Bank Of Baku

Yaşar Vahabzadə: “Postumdan getməyə hazıram”

Yaşar Vahabzadə: “Postumdan getməyə hazıram”
# 23 oktyabr 2007 11:07 (UTC +04:00)
“Hamı aşağı yaşlılardan ibarət yığmalara əcnəbi baş məşqçi gətirilməsini istəyir. Amma mən bunu mövcud vəziyyətdən çıxış yolu saymıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-17) baş məşqçisi Yaşar Vahabzadə deyib. Onun bildirdiyinə görə, ölkə futbolunu inkişaf etdirmək üçün digər üsullara əl atmaq lazımdır: “Fikrimcə, idman, eləcə də futbol məktəblərində iş yüksək səviyyədə aparılmalıdır. Mən U-17-yə oyunçuları klublardan, idman və futbol məktəblərindən götürürəm. Təsəvvür edirsiniz, onlara futbolun əlifbasını öyrədirəm. Milli komandanın düşərgəsinə gələn yeniyetmə futbolçuların əksəriyyəti elementar biliklərə malik deyillər”. Y.Vahabzadə vurğulayıb ki, bütün yaş qruplarından ibarət yığmaların əcnəbi mütəxəssislərə həvalə edilməsi effekt verməyəcək. O, qonşu Gürcüstandan ibrət götürməyi lazım bilib: “Gürcüstanın həm əsas, həm də 17 yaşlılardan ibarət milli komandasına almaniyalı rəhbərlik edir. Ancaq Gürcüstanın U-17-i son iki ildə Avropa çempionatının ilkin mərhələsini adlaya bilməyib. Onlar ötən il bu vəzifənin öhdəsindən heç öz meydançasında belə gəlməyi bacarmadılar”. Y.Vahabzadə əcnəbi məşqçiyə görə hazırda tutduğu vəzifədən getməyə hazır olduğunu söyləyib: “Əgər mənim əvəzimə xarici çalışdırıcı gətirsələr, ona uğurlar arzulayıram. Vəzifəmdən gedərəm ki, qoy, bir az da o əziyyət çəksin”. Baş məşqçisi qeyd edib ki, AFFA ilə müqaviləsini uzadıb-uzatmayacağı məlum deyil: “Bu yaxınlarda AFFA rəhbərliyi ilə bu məsələni müzakirə edəcəyik. Vəzifəmdə qalıb-qalmayacağım danışıqlardan asılıdır”.
Qeyd edək ki, Y.Vahabzadə 2005-ci ilin dekabrından indiyədək U-17-də baş məşqçi postunu tutur. Onun rəhbərliyi altında milli komandamız 2006-cı ildə Avropa çempionatının ikinci seçmə mərhələsinə adlayıblar. Y.Vahabzadənin AFFA ilə müqaviləsi bu ili oktyabrın 31-də başa çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR