Bank Of Baku

“Akkord”un sponsorluğu ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib - FOTOSESSİYA

“Akkord”un sponsorluğu ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2013 11:27 (UTC +04:00)

Bakı – APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin sponsorluq dəstəyi və təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan və Türkiyə idmançıları arasında "MMA & Grappling" (qaydasız döyüş) beynəlxalq turniri keçirilib.

 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, turnirdən əvvəl idman olimpiya mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan və Türkiyə komandaları Azərbaycan Pankration Grapplig və MMA Federasiyasının prezidenti, qaydasız döyüş və güləş üzrə dünya çempionu Azad Əsgərov tərəfindən idman ictimaiyyətinə və mətbuat nümayəndələrinə təqdim edilib. Hər iki komanda haqqında geniş məlumat verildikdən sonra “Akkord” Korporasiyasının baş sponsorluğu ilə baş tutan idman tədbirinin əsas məqsədinin bu döyüş növünün Azərbaycanda populyarlaşması, gənçlərdə fiziki sağlamlıq, möhkəm iradə və döyüşkən, hərbi vətənpərvərlik ruhunu tərbiyə etmək, onların idmançı xarakterini və qələbəyə inamını formalaşdırmaqdan ibarət olduğu bildirilib.

 

Azərbaycan və Türkiyə idmançıları arasında qarşılaşmanın rəsmi açılışı axşam saatlarında “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yarış salonunda baş tutub. Reytinq görüşləri ilə başlayan turnirin ilkin reytinq qarşılaşmalarında Həvəskar MMA versiyası üzrə Azərbaycan idmançıları Munis Ağalarzadə-Elnar İbrahimov (56 kq), Peşəkar MMA versiyası üzrə Badırlı Cavad və Əsgər Əsgərov (62 kq), daha sonra Natiq Rzayev-Emin Həsənov (74 kq) cütlüyü qüvvələrini sınayıblar. Qarşılaşmalardan sonra Azərbaycan-Türkiyə yoldaşlıq turnirinin rəsmi açılış mərasimi başlanıb. 

 

Azərbaycan və Türkiyə MMA Federasiyalarının rəhbərliyi, dövlət qurumları və idman ictimaiyyətinin nümayəndələri, həmçinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri Xaqani Quluzadənin iştirak etdiyi mərasimdə çıxışçılar Azərbaycan və Türkiyə idmançıları arasında keçirilən bu turnirdə əsas qalibin dostluq və qardaşlıq olacağını vurğulayıblar. 

Rəsmi mərasim balaca rəqqaslar tərəfindən ifa edilən rəqs nömrələri və nümunəvi idman göstəriləri ilə davam etdirilib. Bundan sonra Beynəlxalq eləcə də, Azərbaycan Pankration Grappling və MMA Federasiyaları tərəfindən təsdiq edilmiş qaydalar əsasında keçirilən təkbətək qarşılaşmalara start verilib.

 

Grappling güləşi üzrə 66 kq çəki dərəcəsində yarışan Orxan Quliyev-Səid Hüseyin Arslanali qarşılaşması Türkiyə idmançısının, Orxan Musayev-Kaan Fazla qarşılaşması Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb. İdmançılar medallar və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Grappling güləşindən sonra MMA (Mixed Martial Arts) üzrə peşəkar idmançıların yarışlarına başlanılıb. 7 qarşılaşmada Azərbaycan idmançıları yüksək döyüş keyfiyyətləri nümayiş etdiriblər. Bayram Şəmmədov-Tarkan Kabukçu (63kq), Akşin Babayev-Savaş Bekar (66kq), Vüqar Kərəmov-Bayram Uğur (70 kq), Heydər Məmmədəliyev-Kurşat Uğur Agansoy (78 kq), Tofiq Musayev-Yavuz Səlim Kazançı (83 kq), Fuad Qədirov-Gökhan Gülücü (95 kq), Teymur Mehdiyev-Umut Türktekin (100 kq) qarşılaşmalarının hamısı istisnasız olaraq Azərbaycan idmançılarının tam qələbəsi ilə yekunlaşıb. Qaliblər Azərbaycan MMA Federasiyasının medalları və kubokları ilə təltif olunublar. Bununla yanaşı, bütün idmançılar turnirin baş sponsoru “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən üzərində Ulu öndər Heydər Əliyevin əksi olan gümüş xatirə lövhəsi, digər qiymətli hədiyyələr və pul mükafatı ilə mükafatlandırılıb.

 

Turnirin sonunda yarışın qalibi olan Azərbaycan komandasına kubok təqdim edilib və xatirə şəkli çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR