Bank Of Baku

DÇ-2015: Azərbaycan güləşçiləri bürünc medal və daha iki Olimpiya lisenziyası əldə edib

DÇ-2015: Azərbaycan güləşçiləri bürünc medal və daha iki Olimpiya lisenziyası əldə edib
# 11 sentyabr 2015 23:33 (UTC +04:00)

APA-nın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib. 

 

Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışıb. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Qadın güləşçilərimizdən Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

 

58 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Rusiya təmsilçisi Nataliya Golts, Ukrayna güləşçisi Tetyna Lavrençuk üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Burada Qazaxstan güləşçisi Aiym Abdildinanı məğlub edən Yuliya Ratkeviç 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Finlandiyadan Petra Maarit Olliyə uduzan Yuliya bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son görüşdə İsveç idmançısı Malin Yohanna Mattssonu da məğlub edən güləşçimiz Dünya çempionatının bürünc medalına sahib olub. 

 

Bu gün Dünya çempionatında həm də sərbəst güləş üzrə kişilərin mübarizəsinə start verilib. 65 kq çəkidə mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov Qazaxstanlı Sayatbek Okassov, ardınca Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı Avtandil Kençadzeni mübarizədən kənarlaşdıraraq 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bildi. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirildi, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradıldı. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatıldı. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük güləşçimizə Rio Olimpiadasının yolunu açdı. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz Dünya çempionatını 5-ci sırada tamamlayıb.

 

Qeyd edək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR