Göyçay rayonunda ilk dəfə olaraq tanınmış idmançıların iştirakı ilə qaydasız döyüş növləri üzrə “Nar Kuboku” uğrunda yarışlar təşkil edilib. APA-nın yerli bürosunun xəbərinə görə, “AzNar” İdman Klubunun təşkilatçılığı ilə Göyçay şəhər stadionunda keçirilən peşəkar döyüşçülərin yarışında Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov, peşəkar K-1 döyüşçüsü, dünya çempionu, Zabit Səmədov turnirin yüksək səviyyədə təşkil edildiyini deyib və yarış iştirakçılarına uğurlar arzu edib.
Stadionda quraşdırılan rinqə çıxan 12 peşəkar idmançı arasında 6 qaydasız döyüş keçirilib. Döyüşlər hər biri 5 dəqiqə olmaqla iki raunddan ibarət olub. Müxtəlif döyüş idman növləri üzrə Azərbaycan çempionatının və beynəlxalq turnirlərin qalibləri olan Emin Hüseynov (59 kq), Novruz Novruzov (61 kq), Fuad Əliyev (66 kq), Təhməz Əlizadə (80 kq), Səbuhi Həsənov (84 kq), Zaur Abdulqədirov (100 kq) rəqibini məğlub edərək turnirin qalibi olub. İdmançılara pul mükafatı və diplomlar təqdim olunub. Yarışları ümumilikdə 5 mindən çox idman azarkeşi izləyib.