Bakı-APA. Azərbaycan millisi Tehranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, yığmamız yarışı 9-cu pillədə başa vurub.
Belə ki, yarışın ilk günündə qrup mərhələsi çərçivəsində Rusiya (1:6) və Qazaxıstana (2:5) uduzub, yalnız Belarusa qalib gələn (4:3) komandamız bu gün Türkiyəyə qarşı mübarizə aparıb. Görüş təmsilçimiz üçün uğursuz alınıb və rəqib 5:2 hesabı ilə qələbə qazanıb.
Nəticədə əlavə göstəricilərə görə qrup mərhələsini sonuncu yerdə başa vuran yığmamız B qrupunun axırıncısı Bolqarıstanla qarşılaşıb. Bu dəfə həmyerlilərimiz rəqiblərinə heç bir şans verməyərək, 7:0 hesabı ilə qalib gəliblər (rəqibin 3 güləşçisi döşəyə çıxmayıb). Beləliklə, komandamız 10 komanda arasında sonuncu olmaqdan qaçıb.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Dünya Kubokunu 7-ci yerdə başa vurmuşdu.